“18 saat əlləri bağlı asılı saxlayıblar...” – Bakıda ŞOK cinayət

“18 saat əlləri bağlı asılı saxlayıblar...” – Bakıda ŞOK cinayət

20 Sentyabr 2022 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanıda, bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovun və Mərkəzin daha bir neçə işçisinin məhkəməsi davam etdirilir.

Oxuməni.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev Mərkəzin sahibiylə əlbir olaraq yaxınları tərəfindən müalicə üçün oraya yerləşdirilən narkomanlara əzab verməkdə təqsirləndirilirlər.

Məhkəmədə təqsirləndirilən şəxs Qənbər Həsənov ifadə verib. O vəkilin “zərərçəkmiş şəxsi nə ilə döyürdün” sualına “3-4 dəfə şlanqla döymüşəm”,-deyə cavab verib.

O bildirib ki, hadisə baş tutan günü ‘heroin’in təsiri altında olub. Hadisənin sabahı günü özünü polis işçisi adlandıran bir şəxs gələrək onu polis şöbəsinə aparıb.

Oğlunun ifadəsinə etiraz edən ana bildirib ki, oğlu Famil Rzayev tərəfindən öyrədilib. Onun sözlərinə görə, Qənbər Famildən qorxduğundan gerçəkləri deyə bilmir. Bildirib ki, oktyabrın 6-sı Qənbər evə gəlib və Familin ona Hüseynin ölümünü üzərinə götürməsini dediyini deyib. Deyib ki, Famil onu həbsdən xilas edəcək.

“Oğlum Famildən qorxur, Famil Qənbəri çağırıb yaşadığı yerə, deyib üstünə götür mən səni xilas edərəm, sənin imkanın yoxdur onsuz da. 2 aydır çıxmışdı həbsdən. Familin yaxınları da oğluma təzyiq göstərirlər”,-o bildirib.

Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, Famil Qənbərə hüquqşünas nömrəsi verərək ona zəng etməsini deyib. Hüquqşünas danışıq zamanı Qənbərin maddi vəziyyətinin aşağı olduğunu və yataqxanada qalmasını əsas gətirərək ona hər şeyi üzərinə götürməsini deyib. “Hüseynin bıçaqla ona hücum etdiyini və onun Hüseyni bu səbəbdən öldürdüyünü deməsini tapşırıb. Qənbər təzyiq altında danışıb”,- vəkil bildirib.

Qənbər Məmmədov ifadəsində qeyd edib ki, sentyabrın 4-ü günü növbədən çıxdıqda Hüseyn sağ olub: “Vüsalın ad günü idi. Çıxdıq, Hüseyn sağ idi. Orada Famil, İsrafil, Fərhad qalmışdı. Həmin gün gəldim, Hüseynin əli qolu bağlanmışdı. Özünü deyəsən pis aparırdı. Evə gəldim, sabahı Vüsal zəng elədi ki, Hüseyn dünyasını dəyişib”.

Hakimin suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o hadisə zamanı Hüseynə 2-3 dəfə qolundan zərbələr vurub.

Məhkəmədə zərərçəkmişin atası Rafiq Məmmədov vəsatətlər qaldırıb. O təqsirləndirilən şəxslərin əllərinin qandallanmasını istəyib. “18 saat günahsız birini əli qolu bağlı vəziyyətdə asılı saxlayıblar, niyə qandalda deyillər?”,- o bildirib.

Dövlət ittihamçısı bu vəsatətlə razılaşaraq, təqsirləndirilən şəxslərin əllərinin açıq olmasının zərərçəkmişlərdə qıcıq yaratdığını deyib. Rafiq Məmmədov həmçinin prosesin videoçəkilişlə aparılmasını istəyib. Bu vəsatət təmin olunmayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin olunub.

Xatırladaq ki, Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev Mərkəzin sahibiylə əlbir olaraq yaxınları tərəfindən müalicə üçün oraya yerləşdirilən narkomanlara əzab verməkdə təqsirləndirilirlər. Qəmbər Həsənov ifadəsində bildirib ki, narkotik istifadəçisi kimi 9 ay həmin mərkəzdə müalicə və psixoloji yardım alıb. Müalicəsi başa çatdıqdan sonra Mərkəzin işçiləriylə münasibətləri yaxın olduğuna görə 3 ay orada işləyib.

Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin rəhbəri adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 133-cü (əzab vermə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələrilə ittiham olunur. Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə bu ittihamlarla yanaşı, qanunsuz sahibkarlığa görə məsuliyyət nəzərdə tutulan CM-in 192-ci maddəsilə də ittiham irəli sürülüb. Çünki “New Life” Reabilitasiya Mərkəzi qeydiyyatdan keçib lisenziya almadan fəaliyyət göstərib.

Bu cinayət işi üzrə üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş, daha bir nəfər isə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Adları çəkilən şəxslərin orada işgəncəyə məruz qaldığı iddia olunur.

Valideyni zərərçəkmişin hüquqi varisi qismində tanınan Hüseyn Məmmədov isə ötən il sentyabrın 5-də xəstəxanada ölüb. Cinayət işinin materiallarında bildirilir ki, Hüseyn Məmmədov mərkəzə könüllü şəkildə gəlsə də, sentyabrın 4-də günorta saat 15:00 radələrində qaçmaq istəyib. Onu Mərkəzin əməkdaşları tutub, əl-qolunu bağlayıb, döyüblər. Sentyabrın 5-də Hüseyn Məmmədovun vəziyyəti kəskin pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında Hüseyn Məmmədovun vəziyyətinin işgəncə nəticəsində pisləşdiyi iddia olunsa da, eyni zamanda, işin içində onun artıq dozada narkotik istifadəsindən ölməsi haqda rəy var. Lakin narkotiki hansı şəraitdə qəbul etməsi barədə heç nə məlum deyil.

Təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər. Hətta Famil Rzayev ittihamda yazılanları “nağıl”, “uydurma” adlandırıb.

Məhkəmədə təqsirləndirilənlərin vəkillərindən Anar Məmişov, Samir İsayev və digərləri cinayət işinin təkrar araşdırma üçün istintaqa qaytarılması, müvəkkillərinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, bəzi sənədlərin yolverilməz hesab edilərək sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıblar. Amma vəsatətlərin heç biri təmin edilməyib.