Arvadı ilə dənizdə çimən kişi: "Dedi, niyə tərbiyəsizlik edirsiz?.." – Təfərrüat

Arvadı ilə dənizdə çimən kişi: "Dedi, niyə tərbiyəsizlik edirsiz?.." – Təfərrüat

6 Dekabr 2022 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 11 avqust 2022-ci ildə, saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəniz kənarında baş verib.

Əli orada Valehin bir qızı dənizdə qucaqlayaraq öpüşdüklərini görüb. Daha sonra onların sudan çıxdıqlarını görüb, Valehi kənara çağıraraq ona iradını və etdiyi hərəkətin düzgün olmadığını bildirib. Valeh isə ədəbsiz hərəkətə yol vermədiklərini deyib.

Bu mövzuda mübahisə baş verib. Mübahisə zamanı Əli Valehin sol göz nahiyyəsinə yumruqla zərbə vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhərində doğulub, evlidir, 2 azyaşlı uşağı var: “Yaşadığım ev dəniz kənarına yaxın yerləşdiyindən yay aylarında çox vaxtı orada oluram. Son vaxtlar maddi sıxıntılarım olduğundan əsəbi oluram və sakitləşmək üçün dəniz kənarına gedərək havamı dəyişirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 18 radələrində dəniz kənarında olan zaman, dənizdə suyun içərisində bir nəfər cavan oğlanla cavan qızın bir-birlərini qucaqlayaraq öpüşdüklərini görüb: “Yaxınlıqda olmasa da, bir az aralıda bir neçə ailə-uşaq istirahət edirdi. Dənizdə olan həmin cavan oğlanın hərəkəti mənə pis təsir etdi. Bir qədər sonra onlar sudan çıxdılar. Həmin cavan oğlana sözüm olduğunu deyərək kənara çağırdım. Fikrimdə o idi ki, oğlana etdiyi hərəkətin ayıb olduğunu deyim. Adını sonradan öyrəndiyim Valehə irad tutdum. Lakin o, əcəb elədiyini deyərək üstümə gəldi. Əsəbləşərək Valehin sifətinə yumruqla bir zərbə vurdum. Yaxınlıqdan keçən tanımadığım bir yaşlı kişi bizə təpindi. Mən də həmin yerdən uzaqlaşdım”.

Cinayət işi üzrə zərərçəkmiş Valehin sözlərinə görə, hadisə günü saat 18 radələrində arvadı Baharla dəniz kənarına istirahətə gediblər: “İstirahət zamanı tanımadığım şəxs bizə yaxınlaşaraq söz soruşmaq üçün məni kənara çağırdı. Onunla birlikdə təxminən 10 metr uzaqlaşaraq söhbət etməyə başladıq. Əli məndən niyə tərbiyəsizlik etdiyimi soruşdu. Mən onu başa düşmədim, nə kimi tərbiyəsizlik etdiyimi soruşdum. Əli isə cavabında "siz niyə ələlə tutaraq dəniz kənarında gəzişirsiniz" dedi.

Mən də ona dedim ki, sən kimsən ki, mən heç bir tərbiyəsizlik etmirəm, bura ictimai yerdir, insanlar ətrafda istirahət edir, heç kimə narahatlıq yaratmıram, arvadımla istirahət edirəm. Həmin vaxtı Əli gözlənilmədən sol gözümün altına yumruqla vuraraq mənə xəsarət yetirdi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra arvadı ilə birlikdə yaşadıqları ünvana qayıdıb: “Evdə baş vermiş hadisə barədə danışandan sonra qaynatam həmin şəxsin uzaq qohumluq əlaqələri olan Əli olduğunu bildirdi”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bunu nəzərə alan hakim Əlinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.