33 milyon ABŞ dollarını fırıldaqlıq yolu ilə əldə edib
ABŞ-ın Corciya ştatında bir şəxs ölkədəki xristian xeyriyyə təşkilatlarından Çində İncilləri paylayacağını bildirərək 33 milyon dollar ianə toplayaraq gizlənib. ABŞ Ədliyyə Departamentinin açıqladığı ittiham aktına görə, Corciya əsilli Ceyson Cerald Şenk ölkədəki xeyriyyə təşkilatlarından və fərdlərdən 33 milyon dollardan çox ianə toplayıb və Çində İncilləri yaymaq və xristian kitablarını çap etdirmək vəd edib.
45 yaşlı Şenk pulu şəxsi xərclər üçün istifadə edərək, Çinin müxtəlif əyalətlərinə nə qədər İncilin paylanıldığına dair saxta statistik məlumatları özündə əks etdirən saxta elektron qaimə-fakturaları aldadılmış xeyriyyə təşkilatlarına göndərib.
Şenk ailə təsərrüfatına 7 milyon, 16 növ həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və daşınmaz əmlaka 320 min xərcləyib.
Prokurorlar, 2010-cu illərin əvvəllərindən bəri əsasən Ohayo və Şimali Karolinadakı xristian qruplarından ianə topladığına inandıqları Şenkin "əməliyyatların mahiyyətini gizlətmək üçün" xeyriyyə pullarının bir hissəsini dünyanın müxtəlif yerlərində bank hesabları olan müxtəlif şirkətlərə yönəltdiyini söyləyiblər.
ABŞ Cənub Bölgəsi Prokurorluğundan bildirib ki, Şenk 2016-cı ildə ABŞ vergi orqanına illik gəlir vermək tələbindən yayınmaq üçün ABŞ vətəndaşlığından imtina edib. O, indi axtarışdadır. Hər yerdə ola bilər, amma heç kim onun harada olduğunu bilmir. Qeyd edək ki, Şenk 20 ilə qədər həbs, əhəmiyyətli maliyyə cəzaları və əmlakı müsadirə ilə üzləşə bilər.
Murad Şahməmməd




















































.jpg)










































