Xanlar Vəliyev ətrafındakı dairə sürətlə daralır

Xanlar Vəliyev ətrafındakı dairə sürətlə daralır

8 Aprel 2021 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Sabiq briqada komandiri Rövşən Əkbərovun həbsi diqqəti müxtəlif illərdə Azərbaycan Ordusunda baş vermiş cinayətlərə yönəldib. Generalın həbsindən sonra üzə çıxan faktlar çoxsaylı ittihamlara yol açıb.

İstər keçmiş nazir Səfər Əbiyevin vaxtında, istərsə də ondan sonrakı dövrdə əsgər ölümlərinin sayının artması bu sferada cəzasızlıq mühitinin hökm sürməsindən xəbər verir. Ordudakı hərbi cinayətlərə kim göz yumub? Sülh şəraitində əsgər ölümlərinin sayının artmasına görə məsuliyyət daşıyan yüksək rütbəli zabitlərlə bağlı niyə vaxtında tədbir görülməyib?

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, orduda baş verən qanunsuzluqlarla bağlı uzun illər mətbuatda silsilə məqalələr dərc olunub. Bu yazılarda ciddi ittihamlar irəli sürülüb, təkzibedilməz faktlar ortaya qoyulub. Hətta dəfələrlə foto və videogörüntülər də təqdim olunub. Müxtəlif dövrlərdə əsgər övladlarını itirən valideynlər mətbuatla paralel olaraq, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna da müraciət edərək, övladlarının faciəli ölümüylə bağlı şübhələrə aydınlıq gətirilməsini, cinayətkarların cəzalandırılmasını tələb ediblər. Analoji şikayətlərlə bağlı dəfələrlə hərbi prokurorluğun məsul şəxslərinin qəbulunda olan əsgər valideynləri sonradan bu faktları ictimailəşdirməklə diqqəti baş vermiş cinayətlərə yönəltsələr də, uzun illər ərzində heç bir tədbir görülməyib.

Qeyd edək ki, sabiq briqada komandiri Yaşar Aydəmirovun hüquq məsələləri üzrə köməkçisi olmuş Telman Əbilov da orduda çoxsaylı cinayətlərin baş verdiyini bildirib. Bir neçə gün əvvəl mətbuata açıqlama verən Əbilov bu cinayətlərə görə Səfər Əbiyev, Nəcməddin Sadıkov, Rövşən Əkbərov, Xəqani Cəbrayılov, Çingiz Şəfiyev, Mahmud Həmzəyev kimi generalalrın məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, general-mayor Mahmud Həmzəyev 2003-cü ildə briqada komandiri olarkən öz əsgərlərinə erməni pozisiyasından kombayn və traktor gətirməyi əmr edib. Qeyri-peşəkar hazırlanmış əməliyyat nəticəsində Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində onlarla əsgər şəhid olub. Buna rəğmən, faktla bağlı araşdırma aparılmayıb və cinyətkarların cəzalandırılması təmin olunmayıb.

Xatırladaq ki, Respublikanın Hərbi Prokurorluğunun rəhbər şəxsləriylə bağlı irəli sürülən ittihamlar bununla yekunlaşmır. “Tərtər hadisələri” ağır daş kimi başda hərbi prokuror Xanlar Vəliyev olmaqla bu qurumun rəhbər şəxslərinin ayağından asılıb. Hazırda bu sual aktual olaraq qalır: Xanlar Vəliyev niyə orduda baş verən cinayətlərə göz yumub?

Əldə etdiyimiz məlumata görə, bu sualın cavabını təkcə ictimaiyyət deyil, həm də hakimiyyət Xanlar Vəliyevdən tələb edir. Məlumatlı şəxsin sözlərinə görə, müxtəlif dövrlərdə orduda baş vermiş hərbi cinayətlərlə bağlı tədbir görməməsi onun vəziyyətini xeyli ağırlaşdırıb. Xanlar Vəliyevin ətrafındakı dairənin sürətlə daraldığı bildirilir. Ekspertlər tərəfindən proqnozlaşdırılan səs-küylü həbslərin birində Xanlar Vəliyevin də adının keçəcəyi istisna olunmur.