Nazir müavini və deputat olan Səfərov qardaşlarının şirkətinin daha bir cinayəti- Qanunsuz məhkəmə qərarları necə çıxarılıb?

Nazir müavini və deputat olan Səfərov qardaşlarının şirkətinin daha bir cinayəti- Qanunsuz məhkəmə qərarları necə çıxarılıb?

9 Aprel 2021 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Milli Məclisin deputatı olan qardaşı Nizami Səfərova məxsus "MVVL VERUS Praedium” MTK-nın daha bir qanunsuz əməli üzə çıxıb. Səfərov qardaşlarının şirkəti daha bir vətəndaşın torpağını zəbt edib.
Oxuməni.az Musavat.com-a istinadən xəbər verir ki, "MVVL VERUS Praedium” MTK-nın şəhid qardaşı Yasin Rzayevə icra hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsinin zəbt edilməsi və illərdir məhkəmə süründürməçiliyinin davam etməsi barədə məlumat vermişdik.
Yasin Rzayevin məhkəmə çəkişməsi davam edən ərəfədə daha bir vətəndaş- Məmmədov Rasim Müzəffər oğlunun da eyni problemlə üz-üzə qaldığı məlum olub.
Rasim Məmmədovun Səbail rayonu ərazisindəki torpağı Səfərov qardaşları tərəfindən zəbt edilib və yerində çoxmərtəbəli yaşayış binası inşa edilib.
Səbail rayon, Tofiq Məmmədov küçəsində yerləşən həmin torpaq sahəsi 1996-cı ildə Səbail Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə Rasim Məmmədova verilib. Torpaq sahəsində tikiləcək ticarət obyektinin eskiz layihəsi də təsdiqlənib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sahənin dəqiq koordinatları da qeyd edilib.
Bu işdə də diqqət çəkən məqam Səfərov qardaşlarına məxsus şirkətin vətəndaşın torpağını ələ keçirən zaman eyni üsuldan istifadə etməsidir.
Belə ki, "MVVL VERUS Praedium” MTK 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Rasim Məmmədova məxsus torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini istəyib. Məhkəmə şirkətin bu iddiasını təmin edib. Bunu fürsət bilən şirkət vətəndaşın torpağını zəbt edərək, tikintiyə davam edib.
Amma Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin şirkətin xeyrinə çıxardığı qərarı qanunsuz olduğu üçün ləğv edib. Ali Məhkəmə də Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanunsuz qərarı ilə vətəndaşa məxsus torpaq sahəsi zəbt edilib.
Xatırladaq ki, şəhid qardaşı Yasin Rzayevə məxsus torpaq sahəsi də eyni üsulla zəbt edilmişdi.
Daha sonra isə məlum olmuşdu ki, Səfərov qardaşlarının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin indiki və keçmiş sədrləri ilə yaxın münasibətləri var və şirkətin xeyrinə bu yollarla qərarlar qəbul edilməsinə nail olurlar. Səfərov qardaşları uzun illər şirkətin Ramiz Mehdiyevin kurasiyasında olduğunu deyərək məhkəmələrə təzyiqlərini davam etdiriblər.
Rasim Məmmədov başına açılan oyunlarla bağlı bütün rəsmi qurumlara müraciət edib.
Vətəndaş Rasim Məmmədov "MVVL VERUS Praedium” MTK tərəfindən pozulmuş hüquqlarının bərpası və mənəvi zərərin ödənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.
Hakim Rəna Qafarovanın sədrliyi ilə baxılan məhkəmədə Rasim Məmmədovun iddia tələbi təmin olunmayıb. Bu qərardan narazı qalan Rasim Məmmədov Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılan işdə Rasim Məmmədovun şikayəti yenə təmin edilməyib.

Maraqlıdır ki, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına istinad edib. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərar qüvvəyə minməməklə yanaşı, yuxarı instansiya məhkəmələri tərəfindən də ləğv edilib.

İşin ilginc tərəfi budur ki, Rasim Məmmədovun qanunla haqlı olduğu üzə çıxdığı halda başqa bir iddia ortaya atılıb. Bildirilib ki, guya Rasim Məmmədov özünə məxsus olduğu və hazırda şirkət tərəfindən zəbt edilən torpaq sahəsini 2005-ci ildə Mənsur Şükürov adlı şəxsə satıb. Ortaya “alıq-satqı müqaviləsi” də çıxarılıb. Lakin sonradan Rasim Məmmədov tərəfindən sübut edilib ki, onun satdığı torpaq sahəsi hazırda geri almaq üçün mübarizə apardığı torpaq sahəsi deyil.

“Mən 90 kvadratmetr olan başqa bir torpaq sahəmi satmışam. "MVVL VERUS Praedium” MTK-nın zəbt etdiyi torpaq sahəsi 72 kvadratmetdir. Biz bunu sübut edən bütün rəsmi sənədləri məhkəməyə təqdim etmişik. Lakin məhkəmə qərəzli şəkildə işə baxaraq deyir ki, indi "MVVL VERUS Praedium” MTK-nın zəbt etdiyi torpaq sahəsini guya Mənsur Şükürova satmışam. O da "MVVL VERUS Praedium” MTK-ya satıb”,- deyə narazı vətəndaş yuxarı instansiya məhkəmələrinə müraciətində yazır.
Qeyd edək ki, Rasim Məmmədovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi şikayət Ali Məhkəmədə hakim Aqil Abbasovun sədrliyi ilə araşdırılacaq.