Liviyada 2,5 ton uranın itkisi aşkar edilib

Liviyada 2,5 ton uranın itkisi aşkar edilib

17 Mart 2023 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

MAQATE müfəttişləri bölgədəki müxtəlif silahlı qruplar arasında gedən mübarizə nəticəsində son vaxtlar girişi çətinləşən sınaq meydançasına baxış keçirməyə gəliblər.

Oxuməni.az xəbər verir ki, anbarda Liviya səlahiyyətliləri tərəfindən elan edilmiş 10 çəllək zənginləşdirilməmiş uran olmalı idi. MAQATE rəhbəri Rafael Qrossi bildirib ki, təxminən 2,5 ton uran filizi konsentratı olan bu çəlləklər obyektdəki müfəttişlər tərəfindən tapılmayıb.

Qrossinin MAQATE-nin Rəhbərlər Şurasının üzvü olan ölkələrə verdiyi bəyanatda deyilir: “Agentlik radioaktiv materialın hansı şəraitdə çıxarıldığını və hazırda harada olduğunu aydınlaşdırmaq üçün əlavə araşdırmalar aparacaq”.

“Radioaktiv materialın hazırkı yeri haqqında məlumatın olmaması radioloji risk yarada, həmçinin nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqları artıra bilər”, o əlavə edib.

İtkin uran çəlləklərinin saxlandığı poliqon ölkə hakimiyyətinin nəzarətində olmayan ərazidə yerləşir.

MAQATE mütəmadi olaraq kommersiya peyk görüntüləri və ictimaiyyətə açıq olan digər məlumatlardan istifadə edərək bu əraziyə nəzarət edir.

“Agentlik əməkdaşlarının bu məlumatların təhlili əsasında apardığı müşahidələr, təşkilatı regiondakı qeyri-müəyyən vəziyyətə və oraya çatmaq üçün çətin logistikaya baxmayaraq, ərazidə yoxlama tələb etməyə vadar etdi”, - deyə MAQATE rəhbəri bildirib.

Onun sözlərinə görə, müfəttişlər əvvəlcə poliqona 2021-ci ildə gəlməyi planlaşdırsalar da, çətin vəziyyətə görə ora yalnız indi çata biliblər.

Nüvə Təhdidi Təşəbbüsü beynəlxalq təşkilatının eksperti Skott Reker BBC-yə müsahibəsində deyib ki, bu, "Liviyanın cənubunda son dərəcə ucqar ərazidə yerləşən bir sınaq meydançasıdır".

Rekerin fikrincə, "orada saxlanılan materialın təxminən onda biri yoxa çıxmışdı və bunu görməmək sadəcə mümkün deyildi".

Zənginləşdirilməmiş uran nə qədər təhlükəlidir?

Reker vurğulayıb ki, zənginləşdirilməmiş urandan konsentrat şəklində (sarı pastaya bənzər) birbaşa nüvə silahı yaratmaq mümkün deyil, ona görə də hazırda belə bir təhlükə yoxdur.

Urandan nüvə reaktorları üçün yanacaq və ya nüvə silahı istehsalı üçün material kimi istifadə etmək üçün o, qaz sentrifuqalarında zənginləşdirilməlidir.

E.Axund, Oxuməni.az