
ABŞ Dövlət Departamenti USAID-in dünya üzrə bütün missiyalarını rəsmən bağlayıb
ABŞ Dövlət Departamenti Konqresə ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etdiyi barədə məlumat verib.Bu barədə Oxuməni.az “Reuters”ə istinadla xəbər verir.
Agentliyin reorqanizasiyasının iyulun 1-dək başa çatdırılması gözlənilir. USAID-in dünya üzrə missiyaları bağlanacaq və agentliyin qalan funksiyaları Dövlət Departamentinə veriləcək.
Qərarı şərh edən dövlət katibi Marko Rubio bildirib ki, USAİD "uzun müddətdir ki, ilkin missiyasından uzaqlaşıb", nəticədə "çox az nailiyyət və çox baha başa gəlib".
“Biz xarici yardım proqramlarımızı elə istiqamətləndiririk ki, onlar birbaşa ABŞ və vətəndaşlarımız üçün ən yaxşı olana uyğun olsun”, - Rubio bildirib.
Hökumətin Səmərəliliyi Departamenti (DOGE) USAİD əməkdaşlarına qanunla nəzərdə tutulmayan bütün vəzifələrin ləğv ediləcəyi barədə məlumat verib. Yaxın günlərdə onlara ixtisarlar barədə məlumat veriləcək, iyul və ya sentyabr aylarında vəzifələrindən getmələri istəniləcək. Dövlət Departamenti USAİD-in qalan “həyati və strateji yardım proqramlarını” öz üzərinə götürəcək. Agentliyin işçilərinin avtomatik olaraq Dövlət Departamentinə köçürülməsi gözlənilmir; "ayrıca və müstəqil işə qəbul prosesi" planlaşdırılır.
Prezidentliyə başladığı ilk gündə, yanvarın 20-də Donald Tramp agentliyin proqramlarının “Amerika dəyərlərinə” və ölkənin xarici siyasət məqsədlərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq üçün USAID-in xarici yardımını 90 gün müddətinə dondurdu. Tezliklə bütün dünyada USAİD əməkdaşları inzibati məzuniyyətə buraxıldılar. Vaşinqton təftişlərdən sonra USAID proqramlarının 83%-ni ləğv etdi.
Almaz Həsənli