
Özbəkistan yaxın günlərdə ilk atom elektrik stansiyasının tikintisinə başlayacaq
Yaxın günlərdə Özbəkistan AES-in ilk reaktor blokunun və çoxfunksiyalı Nüvə Təbabəti Mərkəzinin tikintisi üzrə Rusiya ilə birgə layihələrə başlayacaq, prezident Şavkat Mirziyoyev bəyan edib.
"Bu günlərdə tarixi hadisə baş verəcək - Özbəkistanda gələcək AES-in ilk reaktor blokunun və çoxfunksiyalı Nüvə Təbabəti Mərkəzinin tikintisi üzrə birgə layihələrə start veriləcək", - Mirziyoyev Düşənbədə keçirilən ikinci Mərkəzi Asiya-Rusiya Sammitində çıxış edərkən deyib.
Onun çıxışının mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
Prezident vurğulayıb ki, region ölkələri ilə Rusiya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da sabitlik və davamlı inkişaf üçün mühüm amil olacaq.
"Bu gün biz strateji layihələr həyata keçiririk, o cümlədən qaz kəmərləri və enerji infrastrukturunun inkişafı", - o qeyd edib.
Özbəkistanın başçısı nüvə enerjisi sahəsində geniş elmi və praktiki əməkdaşlığın qurulmasını təklif edib. Konkret olaraq, o, Özbəkistanda Nüvə Enerjisi üzrə Regional Səlahiyyət Mərkəzinin yaradılmasını və MEPhI Milli Tədqiqat Nüvə Universitetinin Daşkənd filialında kadr hazırlığı proqramının qəbulunu təklif edib.
Əziz Mustafa