İsrail Qəzzadan qoşunlarını çıxarmağa başlayıb

İsrail Qəzzadan qoşunlarını çıxarmağa başlayıb

15:59
Bəyəndim (2) Bəyənmədim (0)

İsrail ordusu Fələstinin HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində Qəzza zolağından qismən geri çəkilib. Bu barədə Oxuməni.az “The Times of Israel”ə istinadla xəbər verir.

İsrail mediasının məlumatına görə, bəzi bölgələrdə geri çəkilmə artilleriya və hava zərbələri altında həyata keçirilib.

Ötən gün baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti sazişi təsdiqləmək üçün iclas keçirib. Müzakirələrdə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Jared Kuşner iştirak edib.

Beş ifrat sağçı nazir əleyhinə səs verib, lakin kabinet Qəzzaya hücumların dayandırılması və məhbusların qaytarılması ilə bağlı razılaşmanın birinci mərhələsini təsdiqləyib.

İsrail mediasının dərc etdiyi təfərrüatlara görə, saziş hava hücumları, artilleriya atəşi və quru əməliyyatları da daxil olmaqla, hücumların dərhal dayandırılmasını tələb edir.

İsrail ordusu 24 saat ərzində sərhədi işarələyən "Sarı Xətt" adlanan yerə çəkilməlidir. HƏMAS yaxın 72 saat ərzində bütün israilli məhbusları azad etməyi öhdəsinə götürür.

Ratifikasiyadan dərhal sonra Qəzzaya humanitar yardım axını başlayacaq. Plan gündə 600 yük maşını ərzaq və dərmanın çatdırılmasını nəzərdə tutur.

İsrail ordusu təyin olunmuş xətlərə çəkilməli və bu ərazilərə qayıtmamalıdır. Bütün tərəflərdən istisnasız olaraq atəşkəs rejiminə riayət etmək tələb olunur.

İsrailli məhbusların azad edilməsinə ABŞ, Qətər, Misir və Türkiyənin daxil olduğu birgə komitə nəzarət edəcək. Proses qapalı olacaq, heç bir ictimai mərasim və ya mediada işıqlandırılmayacaq.

Müqavilə ABŞ prezidenti Donald Trampın sülh planının birinci mərhələsini qeyd edir.

Oktyabrın 9-da Amerika lideri bəyan edib ki, İsrail və HƏMAS Türkiyə, Misir və Qətərin vasitəçiliyi və ABŞ-ın nəzarəti ilə Şarm əş-Şeyxdə dörd günlük danışıqlardan sonra razılığa gəliblər.

Almaz Həsənli