
ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı baş tutub
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Bu barədə RBC-Ukraynaya məlumatlı mənbə bildirib. Tramp və Zelenski arasında danışıqların təfərrüatları hələ ki, yoxdur. Öz mənbələrinə istinadən iki lider arasındakı söhbətin başlanğıcını Axios-un müxbiri Barak Ravid də təsdiqləyir.
Xatırladaq ki, iki lider arasında söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya diktatoru Vladimir Putinlə görüşündən sonra gedib.
Danışıqlardan sonra Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Vitkoff vasitəsilə Ukraynadakı müharibə ilə bağlı siqnal verib. Öz növbəsində Vitkoff Trampa siqnal göndərib. Uşakov konkret nəyin müzakirə olunduğunu açıqlamayıb.
Qeyd etmək vacibdir ki, Vitkoff-un Moskvaya səfəri Trampın təyin etdiyi 8 avqust tarixindən düz əvvəl baş tutub və bundan sonra Amerika lideri Rusiyaya qarşı ikinci dərəcəli tariflər və sanksiyalar tətbiq edəcəyinə söz verib.
Əziz Mustafa