Almaniya Ukraynaya 2 milyard avroluq hərbi yardım göstərəcək

Almaniya Ukraynaya 2 milyard avroluq hərbi yardım göstərəcək

12:23
Bəyəndim (2) Bəyənmədim (0)

Almaniya Kiyevə 2 milyard avroluq hərbi texnika, o cümlədən raketdən müdafiə sistemləri verəcək. “İnterfaks” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırda biz 2 milyard avro dəyərində yardım paketi hazırlayırıq. Buraya raketdən müdafiə sistemləri, ən müasir radar texnologiyaları və döyüş sursatları daxil olacaq", - o deyib.

Pistorius Almaniyanın PURL proqramında iştirak etdiyinə, 500 milyon dollar töhfə verdiyinə də aydınlıq gətirib.

Nazir bildirib ki, hazırlanan yardım paketi Kiyevin prioritet müdafiə ehtiyaclarını ödəməyə yönəlib.

Oktyabrın 15-də məlum olub ki, Norveç hökuməti gələn il Ukraynaya hərbi və mülki dəstək üçün 85 milyard Norveç kronu (təxminən 7,25 milyard avro) ayırmaq niyyətindədir.

Həmin gün Belçikanın müdafiə naziri Teo Franken ölkə hakimiyyətinin 2026-cı il büdcəsi çərçivəsində Kiyevə 1 milyard avroluq yardım paketi hazırladığını açıqlayıb.

Bundan əvvəl Pistorius Almaniyanın Ukraynada uzun mənzilli PUA istehsalı üçün 300 milyon avro ayıracağını açıqlamışdı.

Əziz Mustafa