
Azərbaycanın Gürcüstana göndərdiyi 21 mindən çox dərslik Təhsil Nazirliyinə təhvil verilib
Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2025-2026-ci tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər göndərib.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu gün Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.
Dərsliklərin təqdimatı mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin Ümumtəhsil və Məktəbəqədər Təhsil Departamentinin nümayəndəsi Keti Çxokadze iştirak ediblər.
Səfirliyin məlumatına əsasən, Gürcüstan tərəfinə 18 adda 21 min 179 nüsxə "Ana dili" və "Ədəbiyyat" dərsliyi çatdırılıb. Bu dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 800 mindən çox dərslik və digər metodik vəsait göndərilib.
Almaz Həsənli