ABŞ hakimiyyəti “kölgə donanması”na qarşı sanksiyaları yumşaltmaq istəyir
ABŞ prezidentinin administrasiyası Rusiya, İran və Venesueladan neft daşıyan “kölgə donanması” gəmilərinə qarşı sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, Reuters bu barədə amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Vaşinqton əvvəllər sanksiyalara məruz qalmış gəmilərlə “qanuni neftin” daşınmasına icazə vermək istəyir. Söhbət Vaşinqtonun sanksiyalarına şamil olunmayan neft və neft məhsullarından gedir. Rusiya və İran nefti isə qüvvədə olan məhdudiyyətlərə tabedir.
Reuters yazır ki, məqsəd Fars körfəzindən xam neft və neft məhsullarının ixracını artırmaqdır. Sanksiyalara məruz qalmış gəmilərdən istifadə etmək istəyən şirkətlər bunun üçün ABŞ Maliyyə Nazirliyindən müvafiq icazə almalıdırlar.
ABŞ Energetika Nazirliyindən bildirilib ki, “kölgə donanması”na qarşı sanksiyaların yumşaldılması ilə bağlı hər hansı addım Rusiyaya neft və ya neft məhsullarının daşınmasına kömək etməyəcək. Bununla belə, Reuters qeyd edir ki, Trampın Rusiya dizel yanacağının dünya bazarlarına mümkün qədər tez çıxarılmasına çalışması müvafiq qurumlara bu gəmilərlə daşımaların həyata keçirilməsinə icazə vermək üçün təzyiq yarada bilər.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə ABŞ-yə təxminən 5 milyon ton Rusiya dizel yanacağının tədarükü barədə razılığa gəldiyini və Rusiyaya qarşı sanksiyaları yumşaltdığını bəyan edib.
Bu qərar həm Ukraynada və Avropa ölkələrində, həm də ABŞ-ın özündə anlaşılmazlıq yaradıb. ABŞ senatorları Trampı bu razılaşmadan imtina etməyə çağırıblar.
Almaz Həsənli





































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)












































