Azərbaycan yaşıl enerji istehsalının həcmini artırır
Bu ilin ilk doqquz ayında Azərbaycanda ənənəvi və yaşıl enerji istehsalının ümumi həcmi 21 milyard 190,9 milyon kVt/saat təşkil edib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
Hesabat dövründə elektrik enerjisinin mənbələr üzrə istehsalı aşağıdakı kimi bölüşdürülüb:
- İstilik elektrik stansiyaları (İES) — 16 960 milyon kVt/saat;
- Su elektrik stansiyaları (SES) — 2 767,1 milyon kVt/saat;
- Külək elektrik stansiyaları — 768,7 milyon kVt/saat;
- Günəş elektrik stansiyaları — 501,5 milyon kVt/saat;
- Bərk məişət tullantılarının yandırılması zavodu — 193,6 milyon kVt/saat.
Su elektrik stansiyalarının istehsalı da nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumilikdə 4 milyard 230,9 milyon kVt/saata çatıb. Bu göstərici 1 milyard 51,9 milyon kVt/saat artıb.
“Azərenerji” ASC-nin istehsal göstəricilərinə əsasən, doqquz ay ərzində 18 milyard 233,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 15 milyard 434,8 milyon kVt/saatı istilik elektrik stansiyalarının, 2 milyard 753,1 milyon kVt/saatı su elektrik stansiyalarının, 45,5 milyon kVt/saatı isə günəş elektrik stansiyalarının payına düşüb. Müstəqil elektrik stansiyaları isə 2 milyard 957,5 milyon kVt/saat elektrik enerjisi istehsal ediblər.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt/saat, idxalı isə 170,6 milyon kVt/saat təşkil edib.
Qeyd edək ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq məqsədilə yaşıl enerji sektorunu inkişaf etdirir. Ölkədə beynəlxalq investorların iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyası, “Xızı-Abşeron” külək elektrik stansiyası və “Şəfəq” Günəş Elektrik Stansiyası kimi iri layihələr həyata keçirilir.
Dövlət strategiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. 2030-cu ilədək bu ərazilərdə ümumi gücü 1,6 GVt olan elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Almaz Həsənli










































.jpg)







.jpg)







































