Rusiya Tramp və Putin arasında razılaşmadan sonra Primorsk limanından dizel yanacağı ixracını bərpa edib

Rusiya Tramp və Putin arasında razılaşmadan sonra Primorsk limanından dizel yanacağı ixracını bərpa edib

16:18
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Baltik dənizinin sahilində yerləşən Primorsk limanından dizel yanacağının göndərilməsini bərpa edib. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters LSEG məlumatlarına istinadən xəbər verir. Oktyabrın 13-də tankerə təxminən 40 min ton yanacaq yüklənib. Hazırda tanker Mərakeşə doğru hərəkət edir.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Vladimir Putinlə Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılığa gəldiyini açıqlayıb. Həmin gün ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının idxalına tətbiq olunan sanksiyaları dayandırıb. Rusiya isə öz növbəsində ölkədə yanacaq böhranı fonunda tətbiq edilmiş dizel yanacağının ixracına qoyulan qadağanı ləğv etdiyini bəyan edib.

Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva artıq oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon tona qədər dizel yanacağı ixrac etməyə hazırdır. “Gələcəkdə bu həcm ayda 3 milyon tona qədər arta bilər”, — deyə o əlavə edib.

The Insider nəşrinin yazdığına görə, sanksiyalar üzrə beynəlxalq ekspert və MDB ölkələri üzrə tədqiqatçı Corc Voloşin ilkin mərhələdə 300–500 min ton həcmində ixrac öhdəliklərinin yerinə yetirilməsini tamamilə real hesab edir. Lakin o, sonradan ixrac həcminin vəd edildiyi kimi artırılacağına şübhə ilə yanaşır.

Ekspert bildirib: “Ayda 1–3 milyon ton ixrac səviyyəsinə çatmağın qarşısındakı əsas maneə emal müəssisələrinin texniki vəziyyəti və logistika ilə bağlıdır. Rusiyanın Avropa hissəsində yerləşən əsas neft emalı zavodlarında ilkin emal qurğularına və ikinci emal mərhələsində istifadə olunan hidrokrekinq sistemlərinə dəyən zədələrin davam etməsi qış mövsümü üçün nəzərdə tutulan dizel yanacağının istehsalını məhdudlaşdırır.

Yanacaq böhranı riski və Sankt-Peterburq birjasında topdansatış qiymətlərinin kəskin artması ilə üzləşmədən 3 milyon tona qədər dizel yanacağı ixrac etmək üçün Rusiya neft şirkətləri təkcə istehsal güclərini tam bərpa etməli deyil, həm də ölkə daxilində strateji ehtiyatların toplanmasına zərər vurmaq bahasına ixrac tədarüklərinə faktiki olaraq məcburi üstünlük verməlidirlər. Bunun həyata keçirilməsi isə olduqca çətin görünür”.

Oktyabrın 11-də Tramp Rusiya ilə Ukrayna arasında enerji infrastrukturu ilə bağlı atəşkəsin dərhal qüvvəyə mindiyini elan edib. O bildirib ki, hər iki tərəf enerji infrastrukturuna qarşılıqlı zərbələri dayandırmağa razılaşıb.

Ertəsi gün Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın atəşkəsə əməl etdiyini, Rusiyanın isə ölkənin enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib.

Almaz Həsənli