BDU-nun  şərəfli tarixi ilə bağlı daha bir sənəd paylaşılıb

BDU-nun şərəfli tarixi ilə bağlı daha bir sənəd paylaşılıb

11:12
Bəyəndim (0) Bəyənmədim (0)

O taylı, bu taylı bütün dünya azərbaycanlılarının, xalqımızın elm və təhsilinin beşiyi, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini quranların özlərindən sonra gələcəyimizə, inkişafımıza, tərəqqimizə yadigar qoyduqları, 100 minlərlə tələbənin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasına əvəzsiz töhfələr verən, dünya şöhrətli alimlər yetişdirən Bakı Dövlət Universitetinin şərəfli tarixi ilə bağlı yeni faktlar üzə çıxmaqda davam edir. Bu baxımdan tarixçilər Nazim Xəlilov Elnur Nəciyevin 107 yaşlı Bakı Dövlət Universitetinin, bu müqəddəs elm məbədinin uzaq və yaxın tarixi ilə bağlı araşdırmaları diqqəti cəlb edir. Bu yaxınlarda Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmaları nəticəsində Bakı Dövlət Universitetinin müstəqilliyimizin əldə edilməsində oynadığı özünəməxsus rolunu sübut edən daha bir sənəd yayılıb.

Tarixçilərin araşdırmalarına görə, ötən əsrin 80-ci illərinin sonlarında müstəqillik uğrunda başladılan xalq hərəkatının aparıcı qüvvələrindən olan və həmin dövrdə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin tələbələrinin apardıqları cəsarətli mübarizələri cəllad S.M. Kirovun adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının bərpa olunmasında önəmli rol oynayıb.

“1989‐cu ildə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırıldı", - deyə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər.

Məhz bu qərardan sonra hərəkətə keçən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Bakı Dövlət Universitetinin (BDU) tarixi adını bərpa etdiyini xüsusi vurğulayan araşdırmaçı tarixçilər bununla bağlı maraqlı və tariximiz üçün önəm daşıyan daha bir sənədi elmi ictimaiyyətimizə təqdim ediblər.

“Sovet İmperiyasının dağılması ərəfəsində - 19 fevral 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti BDU ilə bağlı fərman verdi. Fərmanda deyilirdi: “Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin”.

Bu fərman BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 23 fevral tarixli 9 saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu sənədin fotosunu “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabdan (müəlliflər: Ziyad Əmrahov Samir İsmayılov) götürmüşük (səh. 293)”, - deyə tarixçilər bildiriblər.

Beləliklə, tarixçilər Nazim Xəlilov və Elnur Nəciyevin araşdırmaları nəticəsində dünya şöhrətli elm fədailəri yetişdirən, azadlıq, müstəqillik mücahidləri ordusunun formalaşmasına şərəfli bir töhfə verən Bakı Dövlət Universitetinin şanlı tarixinə aid daha bir sənəd geniş ictimaiyyətə təqdim olunub. Ona görə də dəyərli tarixçilərimiz Nazim Xəlilov Elnur Nəciyevə uğurlar arzulayır, onlara yorulmaq bilmədən apardıqları tarixi araşdırmalara görə dərin təşəkkürlər edirik!!!

Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü