
Zelenski oktyabrın 17-də Vaşinqtonda Trampla görüşəcək
Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 17-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.Bu, Tramp və Zelenski arasında ilin əvvəlindən Vaşinqtonda üçüncü görüşü olacaq.
Zelenskinin sözlərinə görə, danışıqlarda hava hücumundan müdafiə və Ukraynanın uzaq mənzilli zərbə imkanları müzakirə olunacaq.
O əlavə edib ki, Amerikanın müdafiə və enerji şirkətlərinin nümayəndələri və ABŞ Konqresinin üzvləri ilə də görüşəcək.
“Axios” mənbələrə istinadən xəbər verir ki, “Tomaqavk” qanadlı raketlərinin Kiyevə mümkün təhvil verilməsi Tramp-Zelenski danışıqlarının mövzuları arasında olacaq. “Müəyyən məsələlər var ki, onları telefonla müzakirə etmək olmaz”, - nəşrin mənbələrindən biri bildirib.
Ötən bazar günü Tramp jurnalistlərə bildirib ki, Zelenski ilə həftəsonu telefon danışığı zamanı ABŞ-ın Ukraynanı “Tomaqavk” raketləri və “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək imkanını müzakirə ediblər.
Tramp bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə Tomaqavk raketlərinin tədarükü məsələsini müzakirə edə bilər. "Onlar Tomaqavkların öz yollarına uçmasını istəyirlər? Mən belə düşünmürəm... Mən ona deyərdim: bu münaqişə həll olunmasa, mən Ukraynaya "Tomaqavk" raketlərini verəcəm", - Amerika lideri bildirib.
Əziz Mustafa