
Pakistan-Əfqanıstan sərhədində yeni toqquşmalar başlayıb
“Associated Press” xəbər verir ki, çərşənbə axşamı ucqar sərhəd bölgəsində Pakistan və Əfqanıstan qüvvələri arasında yeni toqquşmalar baş verib. Pakistan dövlət mediası əfqan əsgərlərini “təxribat olmadan atəş açmaqda” ittiham etsə də, hücum dəf edilib.
Pakistan televiziyası və iki təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, Pakistan qüvvələri əfqan tanklarına və hərbi postlarına ziyan vurmaqla cavab verib. Əfqanıstanın şərqindəki Xost vilayətində polis sözçüsü müavini Tahir Əhrar toqquşmaları təsdiqləsə də, əlavə məlumat verməyib.
Bu, iki tərəf arasında bir həftə ərzində ikinci dəfədir ki, sərhədyanı atəşə tutulur.
Pakistan mənbələrinin məlumatına görə, Əfqanıstan qüvvələri oktyabrın 11-i axşam saatlarında Pakistan-Əfqanıstan sərhədinin bir neçə nöqtəsində atəş açıb. Oktyabrın 9-da Kabildə və Əfqanıstanın cənub-şərqində baş verən silsilə partlayışlardan sonra Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanı onun suverenliyini pozmaqda ittiham edib. İslamabad Kabili "Pakistan Talibanını öz ərazisində saxlamağı dayandırmağa" çağırıb.
Pakistan hakimiyyəti Pakistan Talibanını 2021-ci ildən bəri yüzlərlə pakistanlı əsgəri öldürməkdə ittiham edir. Pakistan Talibanı Əfqanıstanda döyüş təlimi alır və əfqan həmkarlarının ideologiyasını bölüşür, “AFP” xəbər verir. Pakistan kəşfiyyat mənbələri “dpa”-ya bildiriblər ki, İslamabadın zərbələri Pakistan Talibanının lideri Nur Vəli Məsudu hədəf alıb.
Almaz Həsənli