BMT Təhlükəsizlik Şurası Trampın Qəzza sülh planını təsdiqlədi

BMT Təhlükəsizlik Şurası Trampın Qəzza sülh planını təsdiqlədi

10:51
Bəyəndim (2) Bəyənmədim (0)


BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qəzza zolağı üçün sülh planını dəstəkləyən qətnamə qəbul etdi. Oxuməni.az “Deutsche Welle”-nin məlumatına istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü bazar ertəsi günü Vaşinqtonun təklifinin lehinə səs verib. Rusiya və Çin bitərəf qalıblar.
Plan çərçivəsində sektorda sabitliyi təmin etmək üçün beynəlxalq qüvvələrin yaradılması və Avropa İttifaqı, Böyük Britaniya və ABŞ tərəfindən terrorçu kimi tanınan HƏMAS radikal islamçı hərəkatının silahsızlandırılması nəzərdə tutulur. Bundan əlavə, Fələstin keçid administrasiyasının yaradılması da planlaşdırılır.
Səsvermədən əvvəl İsrail qətnamədə "Fələstin xalqı üçün öz müqəddəratını təyin etmək üçün etibarlı bir yol və Fələstin dövlətinin qurulması" ifadəsini tənqid edib.
HƏMAS həmçinin qətnaməni tənqid edərək bildirib ki, "Qəzza zolağı daxilindəki beynəlxalq qüvvələrə, o cümlədən tərksilah da daxil olmaqla, tapşırıq və funksiyaların verilməsi onları neytrallıqdan məhrum edir və münaqişənin tərəfinə çevirir". Qrupun mövqeyi “Reuters” tərəfindən bildirilib.
Daha əvvəl G7 ölkələri, eləcə də Vaşinqtonun Yaxın Şərq müttəfiqləri: Qətər, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan, İordaniya və Türkiyə Amerika qətnaməsinin qəbul edilməsinə çağırmışdılar.
"BMT Təhlükəsizlik Şurasının Sülh Şurasını tanıması və təsdiqləməsi ilə bağlı inanılmaz səsverməsi münasibətilə bütün dünyanı təbrik edirəm. Mən ona sədrlik edəcəyəm və dünyanın ən nüfuzlu və hörmətli liderləri orada olacaq", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Ağ Evin rəhbəri Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurası ölkələrinə təşəkkür edib. Trampın sözlərinə görə, Sülh Şurasının üzvləri yaxın həftələrdə açıqlanacaq.
Almaz Həsənli