Böyük Britaniya miqrasiya siyasətini sərtləşdirir
Böyük Britaniya miqrasiya siyasətini radikal şəkildə sərtləşdirməyə hazırlaşır: qaçqınlar ölkədə 20 il yaşadıqdan sonra daimi yaşayış icazəsi (ILR — indefinite leave to remain) üçün müraciət edə biləcəklər. Bu barədə Daxili İşlər Naziri Şabana Mahmud "The Sunday Times" qəzetinə müsahibəsində bildirib.
Mahmudun sözlərinə görə, müvafiq qanun qəbul edildikdən sonra yeni qaydalar aşağıdakılara şamil ediləcək: qeyri-qanuni yollarla (qayıqlarla, yük maşınları ilə və ya digər qeyri-qanuni giriş kanalları ilə) ölkəyə gələn miqrantlar; vizanın müddəti bitdikdən sonra sığınacaq üçün müraciət edənlər; miqrasiya qaydalarını pozduqdan sonra leqallaşma üsulu kimi sığınacaq sistemindən istifadə etməyə cəhd edənlər.
Böyük Britaniyaya qanuni yolla gələn və dərhal sığınacaq istəyənlər üçün daimi yaşayış icazəsi gözləmə müddəti 10 il olacaq.
Bununla da Böyük Britaniya bu göstəriciyə görə ən uzun gözləmə müddətinə malik ölkə olur. Hazırda rekord Danimarkaya məxsusdur — 8 il.
Şabana Mahmud miqrasiya xərclərini azaltmaq və sığınacaq sistemində "ədaləti bərpa etmək" məqsədi daşıyan bir sıra əlavə tədbirlər təklif edib:
Dövlətin sığınacaq axtaranlara maddi dəstək göstərməsi öhdəliyinin ləğvi. Əgər şəxs özünü təmin edə bilirsə, lakin bunu etmirsə, sosial mənzil və müavinətlərdən məhrum edilə bilər. Hüquq pozuntuları törədənlər də dəstəkdən məhrum ediləcəklər.
Qaçqın statusu hər 30 ayda bir yenidən nəzərdən keçiriləcək ki, vətənlərində təhlükəsizlik şəraitinin dəyişmədiyinə əmin olunsun. Təhlükəsiz hesab edilən ölkələrdən gələnlər, əvvəllər müvəqqəti qoruma alsalar belə, geri deportasiya ediləcəklər.
Nazir qeyd edib ki, sığınacaq almış bir çox şəxs "ömürlük Britaniyada qalıb" və bu, onun sözlərinə görə, qaydaların yenidən nəzərdən keçirilməsini tələb edir.
2005-ci ildə Leyborist hökuməti tərəfindən qəbul edilmiş mövcud qanunvericiliyə əsasən, qaçqınlar ölkədə 5 il yaşadıqdan sonra daimi yaşayış icazəsi üçün müraciət etmək hüququna malikdirlər. ILR sosial müavinətlərə, səhiyyə və təhsil müavinətlərinə çıxış imkanı və vətəndaşlığa daha asan yol təqdim edir.
Almaz Həsənli






































































.jpg)
.jpg)
.jpg)









