Zelenski korrupsiya skandalı səbəbindən ofisinin rəhbəri Yermakı işdən çıxarmaqdan imtina etdi

Zelenski korrupsiya skandalı səbəbindən ofisinin rəhbəri Yermakı işdən çıxarmaqdan imtina etdi

11:41
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna Prezidenti Vladimir Zelenski 20 noyabrda "Xalqın xidmətçisi" (Sluqa naroda) deputat fraksiyası ilə görüş keçirib. Görüşün nəticələrinə görə, "Ukrayinskaya pravda" və “Hromadske” mənbələri Zelenskinin Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakı "Enerqoatom" — Ukraynanın atom elektrik stansiyalarının operatoru ilə bağlı korrupsiya səbəbindən işdən çıxarmayacağını bildirdiyini açıqlayıb.
Görüş zamanı deputat Mariana Bezuqlaya prezidentdən Yermakı və digər məmurları işdən çıxarıb-çıxarmayacağını soruşub. "Zelenski dedi ki, Prezident ofisində kadr məsələləri prezidentin məsuliyyətidir və Yermakın istefasının olmayacağını bildirdi", — görüşdə iştirak edən bir şəxs "Ukrayinskaya pravda"ya bildirib.
Zelenskinin siyasi opponetləri və müttəfiqləri, “The Washington Post”-un yazdığına görə, yüksək vəzifəli məmurların istefasını tələb edərək korrupsiya skandalı fonunda ictimai etimadı bərpa etməyə çalışıblar. "Xalqın xidmətçisi" fraksiyasının nümayəndələri və Zelenskiyə yaxın olanlar son günlər Yermakın istefasını tələb ediblər.
Xatırladaq ki, Ukraynada "Enerqoatom" şirkətində geniş miqyaslı oğurluqla bağlı araşdırma aparılır. Ukrayna Milli Antikorrupsiya Bürosunun versiyasına görə, korrupsiya sxeminin mərkəzində Vladimir Zelenskinin müttəfiqi və "Kvartal 95" studiyasının həmsahibi Timur Mindiç dayanır. Mindiç Ukraynadan gedib.
Almaz Həsənli