Albaniyalı "Qaçışlar Kralı" dördüncü dəfə həbsdən qaçıb

Albaniyalı "Qaçışlar Kralı" dördüncü dəfə həbsdən qaçıb

13:53
Bəyəndim (2) Bəyənmədim (0)


"Qaçışlar Kralı" ləqəbi qazanmış alban Toma Taulant yenidən həbsdən qaçıb. Bu dəfə o, "The Times"ın məlumatına görə, Milanın "Opera" adlı ciddi rejimli həbsxanasından qaçaraq son 15 ildə İtaliya həbsxanalarından dördüncü dəfə qaçıb.
Taulant "Opera"da soyğun və digər cinayətlərə görə ən azı 2048-ci ilə qədər oturmalı idi. Lakin 40 yaşlı məhkum, pəncərə barmaqlığını kəsmək üçün həbsxana emalatxanasından əvvəlcədən mişar oğurlayıb və yataq dəsmallarından uzun bir ip hazırlayıb. Həbsxana mühafizəçilərinin səhər növbəsinin dəyişməsi zamanı, o, kameranın pəncərəsindən çıxıb, yataq dəsmalları ilə yerə enib, həbsxana hasarından aşıb və gizlənib. Həbsxana həyətindəki hərəkətləri müşahidə kameraları tərəfindən qeydə alınıb, lakin siqnalizasiya işləməyib və mühafizəçilər heç nə hiss etməyiblər.
Taulantın əvvəlki qaçışı 2023-cü ildə Parma həbsxanasından eyni üsulla, mişar və yataq dəsmallarından istifadə edərək baş verib. 2013-cü ildə o, həmin Parma həbsxanasından kameradaşı ilə qaçıb. İlk qaçışını isə 2009-cu ildə Terni şəhərindəki həbsxanadan edib.
"Opera" həbsxanasının rəhbərliyi öz səhvlərini həbsxananın doluluğu və mühafizəçilərin çatışmazlığı ilə izah edir. 900 nəfərlik həbsxana 1300-dən çox məhkumu yerləşdirir, mühafizəçilərin sayı isə cəmi 533 nəfərdir, halbuki bu say ən azı 811 olmalıdır. Rəsmi məlumatlara görə, İtaliya həbsxanalarında 62 mindən çox məhkum var, halbuki onlar 51 min nəfər üçün nəzərdə tutulub və mühafizə üçün təxminən 20 min əməkdaş çatışmır.
Almaz Həsənli