Tramp Çinə səfərini təxirə saldı
ABŞ Prezidenti Donald Tramp İranla müharibə səbəbindən Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünü təxminən bir ay təxirə salmağı xahiş etdiyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə deyib: "Biz Çinlə danışdıq. Mən getməyi çox istərdim, lakin müharibə səbəbindən burada olmaq istəyirəm. Biz səfəri təxminən bir ay təxirə salmağı xahiş etdik və mən onunla görüşməyi səbirsizliklə gözləyirəm."
Tramp səfəri təxirə salmaq qərarını İranla davam edən hərbi münaqişə ilə izah edib. O qeyd edib: "Bizim müharibəmiz var. Düşünürəm ki, burada olmağım vacibdir. Ona görə də, bəlkə də, onu bir az, çox deyil, təxirə salacağıq."
CNN-in qeyd etdiyi kimi, səfərin mümkün təxirə salınması Trampın Hörmüz boğazının açılması məsələsində Pekinin dəstəyini almaq istəyi fonunda baş verir. Martın 15-də “Financial Times” qəzetinə verdiyi müsahibədə ABŞ prezidenti sammitdən əvvəl Çin tərəfinin bu məsələ ilə bağlı mövqeyini bilmək istədiyini bildirib. Tramp vurğulayıb: "Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çin neftinin 90 faizini bu boğaz vasitəsiylə alır."
Fevral ayında “Reuters” agentliyi Ağ Evə istinadən Trampın martın 31-dən aprelin 2-dək Çinə səfər edəcəyini bildirmişdi.
Almaz Həsənli


















































































