ABŞ Kubanın prezidentinin istefasını tələb edir
Donald Tramp administrasiyası Kubanın prezidenti Migel Dias-Kanelin hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" dörd mənbəyə istinadən məlumat yayıb.
Danışıqlar zamanı Amerika tərəfi Kubaya bəyan edib ki, ölkə prezidenti getməlidir, lakin sonrakı addımları amerikalılar kubalıların ixtiyarına buraxır. Tramp administrasiyasının rəsmilərinin fikrincə, Dias-Kanelin vəzifədən azad edilməsi Kubada struktur iqtisadi islahatların aparılmasına imkan verəcək ki, Vaşinqtonun fikrincə, hazırkı prezidentin bu islahatları dəstəkləməsi çətin görünür.
"NYT"in həmsöhbətlərindən biri bildirib ki, Vaşinqton həmçinin istəyir ki, Kuba Fidel Kastro ideyalarına sadiq qalan bəzi yaşlı məmurları vəzifədən uzaqlaşdırmağa razı olsun. Bununla belə, ABŞ hələlik ölkədə hələ də çox nüfuzlu fiqurlar olan Kastro ailəsinin üzvlərinə qarşı hər hansı bir tədbirə təkid etmir.
Qəzetin mənbəsinin sözlərinə görə, Kubanın prezidentinin vəzifədən azad edilməsi Donald Tramp üçün "simvolik qələbə olardı, bu da ona uzun müddətdir ki, ABŞ-a qarşı çıxan solçu hökumətin liderini devirdiyini elan etməyə imkan verərdi - Venesuelada olduğu kimi". Məqalədə deyilir ki, "Amerika rəsmilərinin baxış bucağından, danışıqlar Kubanın öz iqtisadiyyətini Amerika iş adamları və şirkətləri üçün tədricən açmasına, asılı bir dövlətin yaradılması üçün zəmin hazırlamasına, həmçinin Trampın elan edə biləcəyi bir neçə simvolik siyasi qələbə qazanmasına yönəlib".
65 yaşlı Migel Dias-Kanel 2018-ci ildən Kubanın prezidentidir. "The New York Times" onu dövlətin formal rəhbəri adlandırır. Dias-Kaneli öz varisi kimi keçmiş Kuba prezidenti Raul Kastro seçib, hazırda 94 yaşı olan Raul Kastro ölkədə hələ də əhəmiyyətli təsirə malikdir.
Almaz Həsənli


















































































