Buddist məbədləri Taylandda yanacaq qıtlığı səbəbindən kremasiya mərasimlərini ləğv edir
Taylandın bir sıra regionlarındakı buddist məbədləri Yaxın Şərqdəki münaqişə fonunda yanacaq qıtlığı səbəbindən kremasiya rituallarını ləğv etmək və ya daha az keçirmək məcburiyyətində qalıblar. Bu münaqişə dünya bazarında neft və qaz qiymətlərinin artmasına səbəb olub. Bu barədə Oxuməni.az “ng.ru”ya istinadla xəbər verir.
Belə ki, Çaçenqsao əyalətindəki Vat Saman Rattanaaram məbədi sosial şəbəkələrdəki abunəçilərinə müraciət edərək, hansı yanacaqdoldurma məntəqələrində dizel yanacağı almaq mümkün olduğu barədə məlumat vermələrini xahiş edib. "Kremasiya üçün ehtiyatlarımızı doldurmalıyıq, lakin heç yerdə tapa bilmirik", - deyə “Bangkok Post” qəzeti məbədin mesajını sitat gətirir.
Məbəd xidmətçiləri izah ediblər ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq yalnız ölüm şəhadətnaməsi təqdim edildikdə satılır və hər adama 50 litrdən çox dizel verilir ki, bu da yetkin bir insanın cəsədinin kremasiyası üçün kifayət deyil. Məbədin idarəetmə komitəsinin sədri Krisada Mahaviriyothai bildirib ki, yanacaq qıtlığı səbəbindən onun işi yaxın həftələrdə ciddi şəkildə çətinləşəcək və xidmətçilər bəzi hallarda kremasiyanı təxirə salmaq məcburiyyətində qalacaqlar.
Nakhonphanom əyalətindəki Vat Mahathat məbədi isə krematoriyasının fəaliyyətini tamamilə dayandırıb. Bu regionda yanacaqdoldurma məntəqələri yanacağı daşınan qablara satmaqdan imtina edir ki, bu da rahibləri ehtiyat toplamaq imkanından məhrum edir. Yanacaq yalnız avtomobillərin doldurulması üçün satılır. Məbəddə ritual məqsədlər üçün yanacaq alışına istisna edilməsinə nail olmağı planlaşdırırlar.
Financial Times (FT) qəzeti daha əvvəl Cənubi Asiya ölkələrində də oxşar vəziyyətin müşahidə olunduğunu yazmışdı. Onun məlumatına görə, Hindistan, Pakistan və Banqladeşdəki krematoriyalar yanacaq qıtlığı ilə üzləşiblər.
Almaz Həsənli


















































































