Gürcü Pravoslav Kilsəsinin Patriarxı İlya II vəfat edib
Gürcü Pravoslav Kilsəsinin Katolikos-Patriarxı İlya II (dünyada İrakli Şiolaşvili) martın 17-si axşam, 93 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri Gürcüstan Patriarxının, Patriarx taxtının naibi, mitropolit Şio Mujiriyə istinadən məlumat yayıb.
Daha əvvəl səhhətindəki pisləşmə ilə əlaqədar Patriarx Tbilisidəki Çapidze klinikasında xəstəxanaya yerləşdirilmiş, daha sonra isə kəskin mədə-bağırsaq qanaxması səbəbindən "Qafqaz Tibb Mərkəzinə" köçürülmüşdü. Gürcüstan Patriarxiyasından verilən məlumata görə, martın 18-də Katolikos-Patriarxın cənazəsi paytaxtdakı Müqəddəs Üçlük kafedralına gətirilməlidir.
İlya II Gürcüstanda böyük ictimai nüfuza malik idi. 1990-cı ildə Gürcüstan Kilsəsinin avtokefaliyasının Ümumhəvari Patriarxat tərəfindən tanınması onun adı ilə bağlıdır.
İrakli Şiolaşvili 1933-cü il yanvarın 4-də Vladiqafqazda (şəhərin keçmiş adı: Orconikidze-red.) anadan olub. Həmin şəhərdə məktəbi bitirdikdən sonra Moskva Ruhani Seminariyasına daxil olub, daha sonra isə Moskva Ruhani Akademiyasında təhsilini davam etdirib.
Gürcüstan Patriarxı İlya II 44 yaşında, 1977-ci ilin dekabrında, Katolikos-Patriarx David V (Devdarianinin) vəfatından sonra seçilib. İlya II-nin patriarxlığı Gürcüstan tarixində ən uzun müddət davam edən patriarxlıq olub.
Katolikos-Patriarx İlya II-nin vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edilib. Hökumətin sərəncamı ilə ölkə daxilində inzibati binaların üzərində dövlət bayraqları endiriləcək.
Almaz Həsənli

















.jpg)
.jpg)
.jpg)






























































