Qrossi: Bütün BAEA mütəxəssisləri İranı tərk edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA, MAQATE) bütün texniki mütəxəssisləri hərbi münaqişə səbəbindən İranı tərk ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi "Corriere della Sera"ya verdiyi müsahibədə bildirib. O, BAEA mütəxəssislərinin işlərini bərpa edəcəklərinə və gələcəkdə obyektləri yoxlaya biləcəklərinə ümid etdiyini bildirib.
"Bu gün bütün texniki mütəxəssislər müharibə səbəbindən ölkəni tərk ediblər. Bombalanmadan əvvəl biz yalnız 2025-ci ildə hücuma məruz qalmayan ərazilərdə yoxlama işlərini davam etdirdik", - deyə cənab Qrossi bildirib.
"İranın nüvə proqramı genişmiqyaslı və iddialıdır, təkcə Fordo, İsfahan və Nətənzi deyil, bir çox ərazini əhatə edir. Ümid edirik ki, bütün əraziləri və materialları əhatə edərək [yoxlamaları – red.] bərpa edə biləcəyik", - deyə BAEA rəhbəri əlavə edib.
Ötən ilin iyun ayında ABŞ İsraillə koordinasiyalı şəkildə İranın nüvə infrastrukturuna zərbələr endirib. İranın Atom Enerjisi Təşkilatı hücumların Fordo, İsfahan və Nətənzidəki obyektləri hədəf aldığını təsdiqləyib. ABŞ və İsrail 28 fevralda başlayan yeni bir kampaniya çərçivəsində İranın nüvə obyektlərinə zərbələr endirməyə davam edir.
Almaz Həsənli



















































































