Uqanda İrana qarşı müharibəyə qoşula bilər
Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Muxuzi Kaynerugaba bildirib ki, dünya Yaxın Şərqdəki müharibənin tezliklə bitməsini istəyir, lakin İsrailin məhv edilməsi və ya ona qalib gəlmək barədə hər hansı danışıq Uqandanın İsrail tərəfdə müharibəyə qoşulmasına səbəb olacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə o, özünün X sosial şəbəkəsində yazıb.
«Biz Yaxın Şərqdəki müharibənin dərhal sona çatmasını istəyirik. Dünya ondan yorulub. Amma İsrailin məhv edilməsi və ya darmadağın olunması barədə hər hansı danışıq bizi müharibəyə cəlb edəcək. İsrail tərəfdə!» — Kaynerugabanın paylaşımında belə deyilir.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan etibarən İran ərazisinə hücum edir, bu isə dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ-ın hücumu nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.
Almaz Həsənli


















































































