10 futbol meydançasını külə çevirə bilən yeni silah hazırlanıb
Şimali Koreya rəhbərliyi parçalanma sursatları ilə təchiz olunmuş Hwasongpo-11 Ka taktiki ballistik raketinin uğurlu sınaqdan keçirildiyini bəyan edib. Bu silah sistemi maksimum gücü ilə 6,5-7 hektara və ya 10 futbol meydançasına bərabər ərazini külə çevirə bilər. Bu barədə Şimali Koreya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Şimali Koreya rəhbərliyi son raket sınağı ilə bağlı rəsmi açıqlama verib. Bazar ertəsi və çərşənbə günləri arasında "əhəmiyyətli" silah sistemlərinin sınaqdan keçirildiyi bildirildi.
Rəsmi məlumatda qeyd edilir ki, "ölümcül sursatlarla təchiz olunmuş Hwasongpho-11 Ka taktiki ballistik raketi uğurla sınaqdan keçirilib. Bu silah sistemi 6,5-7 hektar ərazidəki istənilən hədəfi külə çevirə bilər."
Həmçinin mobil qısa mənzilli zenit raket sistemi və elektromaqnit silah sisteminin sınaqdan keçirildiyi bildirildi. Ən son silah sınaqlarının adi müdafiə tədbirlərinin bir hissəsi olduğu və Şimali Koreya ordusunun inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sınaqların Koreya İşçi Partiyasının (KİP) Mərkəzi Hərbi Komissiyasının üzvü general Kim Çen Sik tərəfindən aparıldığı bildirilsə də, Şimali Koreya lideri Kim Çen Inın sınaq meydançasında olub-olmadığı barədə heç bir məlumat verilməyib.
Əziz MUSTAFA


















































































