Avstraliya kəşfiyyat təyyarələrinin məlumatlarını yalnız müdafiə məqsədləri üçün ABŞ-a ötürüb
Avstraliyanın E-7A Wedgetail kəşfiyyat təyyarəsindən alınan məlumatlar ABŞ-ın təmsil olunduğu Birləşmiş Hava Əməliyyatları Mərkəzinə (CAO) göndərilir və yalnız müdafiə məqsədləri üçün istifadə olunur. Bu barədə Baş nazirin müavini və müdafiə naziri Riçard Marles bildirib.
"Amerika Birləşmiş Ştatları CAO-da təmsil olunur və məlumatlar ora göndərilir", - deyə o, ABC News radiosuna verdiyi müsahibədə bildirib.
Marlesin sözlərinə görə, Avstraliyanın E-7A Wedgetail hava hücumundan müdafiə təyyarəsindən alınan bütün məlumatlar Birləşmiş Ərəb Əmirliklərini və digər Körfəz dövlətlərini müdafiə etmək səylərini əlaqələndirmək üçün istifadə olunur. Baş nazirin müavini vurğulayıb ki, "bunun yeganə yolu budur. Təyyarə müdafiə missiyasını yerinə yetirir və hazırda BƏƏ-ni qoruyur".
Bundan əvvəl BƏƏ Silahlı Qüvvələrinin rəisi admiral Devid Conston bildirib ki, Yaxın Şərqdə fəaliyyət göstərən Avstraliya kəşfiyyat təyyarələri tərəfindən toplanan məlumatlar "ABŞ-ın İrana qarşı hücum əməliyyatları üçün istifadə edilməməsi üçün süzgəcdən keçirilir".
"Təyyarənin imkanları elədir ki, hansı məlumatların ötürüldüyünü həmin platformanın operatorları müəyyən edir. Təyyarənin nəyi aşkarladığını - radardan elektron sistemlərə qədər - və hansı məlumatları tərəfdaşlarla paylaşdığımızı çox yaxşı başa düşürük", - deyə Conston vurğulayıb.
Əziz MUSTAFA



















































































