Ukrayna kəşfiyyatı Rusiya Qara dəniz donanmasının iki gəmisini vurduğunu iddia edir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bazar ertəsi bildirib ki, aprelin 18-dən 19-a keçən gecə onun xüsusi təyinatlı qüvvələri Rusiyanın ilhaq etdiyi Sevastopol buxtasında yerləşən Rusiya Qara dəniz donanmasının iki böyük desant gəmisinə ("Yamal" və "Nikolay Filçenkov") zərbələr endirib. Oxuməni.az xəbər verir ki, idarə kamikadze dronları ilə zərbələrin videosunu yayımlayıb.
1988-ci il istehsalı olan 775 layihəli "Yamal" BDK-nın dəyəri GUR tərəfindən 80 milyon dollar qiymətləndirilib: 112 metrlik gəmi 500 tona qədər yük və zirehli texnika daşıya bilir, "Grad-M" reaktiv yaylım atəş sistemi, "Strela-2" zenit-raket kompleksi və dəqiqədə 1000 mərmi atəş gücünə malik 57 mm-lik AK-725 topları ilə təchiz edilib. 1975-ci il istehsalı olan 1000 ton yükqaldırma qabiliyyətinə malik 1171 layihəli "Nikolay Filçenkov" BDK-nın dəyəri 70 milyon dollar qiymətləndirilib.
Həmin əməliyyat çərçivəsində dəyəri 5 milyon dollar olan "Podlet-K1" radiolokasiya stansiyası da məhv edilib. GUR vurğulayıb ki, Rusiya hər iki gəmini Ukraynaya qarşı müharibədə istifadə edib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) də aprelin 18-də günorta "Yamal"a zərbə endirildiyini iddia edib. Onların məlumatına görə, həmin hücumda "Azov" BDK, "Qraçyonok" diversiya əleyhinə kater və "Delfin" rabitə sisteminin anten bloku da zərər görüb.
Almaz Həsənli



















































































