Həyat üçün təhlükəli trombları burulğanlı ultrasəslə sürətlə parçalamaq mümkün olub
Mühəndislər və damar cərrahları ağciyər arteriyasının tromboemboliyasını — ağciyərlərdə yaranan və ölümcül ola bilən qan laxtalarını — daha sürətli və təhlükəsiz müalicə etmək üçün “burulğanlı ultrasəs” adlı minimal invaziv cihaz hazırlayırlar. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Miçiqan Universitetinin saytında məlumat verilib.
Ultrasəsin kiçik mənbəyinin qan damarları vasitəsilə trombun olduğu yerə çatdırılan kateterin ucuna bərkidilməsi nəzərdə tutulur. Cihaz həmin nahiyədə burulğanlı səs dalğaları yayaraq damar divarlarına zərər vermədən qan laxtasını parçalayır. Tədqiqatçılar hesab edirlər ki, burulğanlı dalğalar trombun daxili strukturunu daha sürətlə dağıdır və onun daxilində kiçik qabarcıqlar yaradır.
Ağciyər arteriyasının tromboemboliyası ABŞ-da ürək-damar xəstəlikləri nəticəsində ölüm hallarının ən çox yayılmış üçüncü səbəbidir. Ayaqlardan qoparaq ağciyərlərə düşən iri qan laxtaları qaz mübadiləsini bloklayır və ürəyin üzərinə qəfil, həyati təhlükə yaradan yük salır.
Hazırda istifadə olunan təcili müalicə üsulları ciddi çatışmazlıqlara malikdir. Trombları əridən dərmanların təsiri 24 saata qədər davam edə bilər, təxminən hər üç haldan birində nəticə vermir və daxili qanaxma riskini əhəmiyyətli dərəcədə artırır. Kateter vasitəsilə trombun mexaniki çıxarılması isə kövrək damar divarlarının zədələnməsi və ya cırılması riski daşıyır. Ən ağır hallarda qan laxtalarını döş qəfəsinin açılması ilə aparılan əməliyyat vasitəsilə çıxarmaq lazım gəlir.
Xaricdən tətbiq olunan ultrasəs üsulları damar divarları üçün kateterlə müdaxilə və ya cərrahi əməliyyatla müqayisədə daha təhlükəsiz ola bilər. Lakin bu üsullarla trombu dəqiq hədəfə almaq çox vaxt mümkün olmur. Bundan əlavə, ağciyərlərin daxili strukturları ultrasəs dalğalarının yayılmasına mane olduğundan, bu üsullar həmin orqanda demək olar ki, effektiv nəticə vermir.
Ultrasəsin növünü dəyişdirərək onu birbaşa damar daxilindən tətbiq etməklə tədqiqatçılar qanaxma riskini azaltmaqla yanaşı, müalicəni sürətləndirməyə ümid edirlər. İlkin sınaqlar burulğanlı ultrasəs dalğalarının trombları cəmi 30 dəqiqə ərzində parçalaya bildiyini göstərib.
Tədqiqatçılar artıq inək qanı ilə aparılan sınaqlarda burulğanlı ultrasəsin uzunluğu 7,5 santimetr olan trombdan qan axınını cəmi səkkiz dəqiqə ərzində bərpa edə bildiyini nümayiş etdiriblər.
Almaz Həsənli
























.jpg)







.jpg)



















































