
Yaponiyada hər kəsə köçürülə bilən süni qan yaradılıb
“Tokyo Weekender” yazır ki, yapon alimləri qan qrupundan asılı olmayaraq bütün insanlara köçürülə bilən süni qan yaradıblar.
Müddəti bitmiş donor qanından alınan hemoglobindən hazırlanır. Sonra sabit, virusdan azad süni eritrositlər yaratmaq üçün xüsusi qılafla örtülür.
Nəşrdə deyilir: "Bu süni hüceyrələrin qan qrupu olmadığı üçün uyğunluq testinə ehtiyac yoxdur."
Sintetik qan otaq temperaturunda iki ilədək, soyuducuda isə beş ilədək saxlanıla bilər. Eyni zamanda donor eritrositləri soyuducuda 42 gündən çox olmayaraq saxlanıla bilər.
Layihəyə rəhbərlik edən professor Hiromi Sakai bildirib ki, ixtiranın ilk sınaqları 2022-ci ildə sağlam könüllülərin iştirakı ilə başlayıb, əgər belə qanın köçürülməsinin təhlükəsizliyi və effektivliyi təsdiq olunarsa, o zaman onun praktiki tətbiqi 2030-cu ilə qədər başlaya bilər.
Məqalədə deyilir ki, alimlərin ixtirası donor qanı çatışmazlığı problemini həll edə, transfuziyaların hazırlanması üçün lazım olan vaxtı azalda və təcili yardımı daha effektiv edə bilər.
Almaz Həsənli