Alimlər sübut etdi: Canlı insanlar görünən işıq saçır, ölümdən sonra o, yox olur

Alimlər sübut etdi: Canlı insanlar görünən işıq saçır, ölümdən sonra o, yox olur

10 Yanvar 12:33
Bəyəndim (1) Bəyənmədim (0)

Kalgari Universiteti və Kanada Milli Tədqiqat Şurasının beynəlxalq alimlər qrupu bütün canlı orqanizmlərin, o cümlədən insanların ölümündən sonra tamamilə yox olan zəif işıq şüalandırdığına dair birbaşa fiziki dəlil əldə edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Science Alert” yazır.

Söhbət canlı hüceyrələrdə maddələr mübadiləsi prosesində yaranan biofoton "parıltısı" olan ultra-zəif foton şüalanmasından (Ultraweak Photon Emission, UPE) gedir. Bu şüalanma o qədər zəifdir ki, adi şəraitdə bədənin istilik şüalanması və fon elektromaqnit səs-küyü səbəbindən onu hiss etmək mümkün deyil. Lakin müasir yüksək həssas kameralar tam qaranlıq mühitdə onu qeydə almağa imkan verib.

Təcrübələr siçanlar və bitkilər, o cümlədən Arabidopsis thaliana üzərində aparılıb. Alimlər canlı orqanizmlərin şüalanma səviyyəsini və onların ölümündən dərhal sonrakı vəziyyəti müqayisə ediblər. Nəticələr göstərib ki, bədən temperaturu qorunsa belə, foton şüalanması kəskin şəkildə azalıb və ya tamamilə yox olub, bu da onun həyat prosesləri ilə birbaşa əlaqəsini göstərir.

Tədqiqatçılar bu effekti sərbəst radikalların, xüsusən də maddələr mübadiləsi, stress və ya xəstəlik zamanı hüceyrələrdə əmələ gələn aktiv oksigen formalarının fəaliyyəti ilə izah edirlər. Biokimyəvi reaksiyalar zamanı elektronlar daha yüksək enerji səviyyəsinə keçir, sabit vəziyyətə qayıdarkən isə görünən işıq diapazonunda ayrı-ayrı fotonlar buraxırlar.

Təcrübələrin göstərdiyi kimi, bu parıltının intensivliyi birbaşa toxumaların vəziyyətindən asılıdır. Məsələn, zədələnmiş bitki yarpaqları sağlam yarpaqlardan xeyli parlaq işıqlanıb, bu da biofoton şüalanmasının oksidativ stresslə əlaqəsini təsdiqləyir.

Alimlərin fikrincə, bu kəşf gələcək tibb üçün böyük əhəmiyyət kəsb edə bilər. Ultra-zəif foton şüalanmasının monitorinqi, xəstəliklərin erkən aşkarlanması və ya hüceyrə stressinin səviyyəsinin qiymətləndirilməsi üçün yeni qeyri-invaziv diaqnostika üsullarının yaradılmasına imkan verə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, söhbət mistik "auralardan" deyil, canlı bioloji sistemlərin işini əks etdirən real fiziki hadisədən gedir. Bu işıq həyatın fundamental əlamətidir və yalnız maddələr mübadiləsinin tamamilə dayandığı zaman sönür.

Almaz Həsənli