"Pis" xolesterini azaldan pendir növü müəyyən edilib
Çeddar pendirinin gündəlik istehlakı orqanizmin K vitamininə olan ehtiyacını ödəyir, həmçinin kişilərdə "yaxşı" xolesterinin səviyyəsini artırır. Dublin Universitet Kollecinin tədqiqatçıları bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.
Tədqiqatda 50 yaşdan yuxarı, artıq çəkili 60 nəfər iştirak edib. Altı həftə ərzində iştirakçılar hər gün 120 qram çeddar pendiri yeyiblər. Alimlər pendirin iki növünü müqayisə ediblər: biri otlaqla qidalanan inəklərin südündən, digəri isə qarışıq rasionla qidalanan inəklərin südündən istehsal olunub. Bundan sonra tədqiqatçılar K vitamininin statusu markerlərini və lipid mübadiləsi göstəricilərini qiymətləndiriblər.
Nəticələr göstərib ki, çeddar pendirinin müntəzəm istehlakı K vitamini markerlərinin yaxşılaşması ilə müşayiət olunub. Bu vitamin yalnız qanın laxtalanmasında deyil, həm də damarların və sümük toxumasının vəziyyətinin tənzimlənməsində mühüm rol oynayır. Bununla belə, iki növ pendir arasında bu göstəricilər baxımından heç bir fərq aşkar edilməyib, baxmayaraq ki, bir variantda K vitamini daha yüksək idi.
Əlavə təhlil kişilər və qadınlar arasında lipid profilindəki dəyişikliklərdə fərqlər aşkar edib. Kişilərdə daha yüksək K vitamini tərkibli pendirin istehlakı HDL-nin (belə adlandırılan "yaxşı" xolesterinin) artması ilə əlaqələndirilib. Qadınlarda isə eyni növ pendir ümumi və "pis" xolesterinin (LDL) azalması ilə əlaqələndirilib.
Almaz Həsənli





























































































