Qan şəkərinin səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün sadə üsul aşkarlandı

Qan şəkərinin səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün sadə üsul aşkarlandı

12:20
Bəyəndim (2) Bəyənmədim (0)


İş günü ərzində təbii işıqdan istifadə etmək, ikinci tip şəkərli diabet xəstələrində qlükoza səviyyəsinə nəzarəti yaxşılaşdıra bilər. Maastrixt Universitetinin Tibb Mərkəzinin alimləri bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Metabolism" (Cell Met) jurnalında dərc olunub.
Təcrübədə ikinci tip şəkərli diabet xəstəsi olan 13 pasiyent iştirak edib. Randomlaşdırılmış çarpaz tədqiqat çərçivəsində onlar növbə ilə bir neçə gün təbii gündüz işığı olan otaqlarda və iş saatlarında daimi süni işıq olan otaqlarda olublar. Davamlı monitorinq göstərib ki, gündüz işığı altında iştirakçıların qan qlükoza səviyyəsi daha uzun müddət normal dəyərlər daxilində qalıb.
Bundan əlavə, təcrübədə iştirak edənlərdə maddələr mübadiləsində dəyişikliklər müşahidə olunub: orqanizm enerji mənbəyi kimi yağlardan daha çox istifadə etməyə başlayıb. Laboratoriya analizləri də hüceyrə fəaliyyətində dəyişiklikləri aşkar edib – o cümlədən qandakı metabolitlərdə, lipidlərdə və gen fəaliyyətində dəyişikliklər.
Tədqiqatçılar həmçinin aşkar ediblər ki, gündüz işığının təsiri hüceyrə səviyyəsində sirkadiya ritmlərinin fəaliyyətinə təsir edir. Xüsusilə, iştirakçıların əzələ toxuması nümunələrində fəaliyyət fazalarının dəyişməsi qeydə alınıb – bu o deməkdir ki, əzələlərin "daxili saatları" təbii işıq rejiminə uyğunlaşdırılıb.
Bu dəyişikliklər axşam saatlarında melatonin – yuxu hormonu adlandırılan – səviyyəsində də dalğalanmalarla müşayiət olunub, bu da bioloji proseslərin sutkalıq dövrlə daha dəqiq sinxronlaşmasını göstərir.
"Müasir həyat tərzi təbii işıq çatışmazlığı ilə əlaqəlidir, çünki insanlar vaxtlarının 90%-ə qədərini qapalı məkanlarda keçirirlər. Bu, metabolik sağlamlığa mənfi təsir göstərə və xroniki xəstəliklərin inkişaf riskini artıra bilər," – tədqiqatçılar qeyd ediblər.
Alimlərin fikrincə, gündüz işığına çıxış diabet terapiyasına sadə və təhlükəsiz əlavə ola bilər. Lakin yekun nəticələr üçün daha genişmiqyaslı tədqiqatlar lazımdır.
Almaz Həsənli