Məşhur yarma qaraciyəri piylənmədən qoruyan məhsul kimi tanınıb

Məşhur yarma qaraciyəri piylənmədən qoruyan məhsul kimi tanınıb

14:23
Bəyəndim (1) Bəyənmədim (0)

Kinoa (lat. Chenopodium quinoa) yarması istehlakı qaraciyərdə yağ yığılmasını azalda və qaraciyərin piylənməsi ilə əlaqəli metabolik göstəriciləri yaxşılaşdıra bilər. Oxuməni.az xəbər verir ki, tədqiqatçılar “Food & Function” (F&F) jurnalında dərc olunan araşdırmaya görə belə qənaətə gəliblər.

Alimlər yüksək yağlı qidalanma nəticəsində metabolik mənşəli piyli qaraciyər xəstəliyi yaranmış siçanlara 12 həftə ərzində kinoa yarması veriblər. Yüksək yağlı rasion almağa davam edən heyvanlarla müqayisədə, kinoa ilə qidalanan siçanlarda qanda qlükoza səviyyəsi, ümumi xolesterin, triqliseridlər və “pis” xolesterin (LDL) azalıb. Həmçinin qaraciyər zədələnməsinin göstəricisi ola bilən ALT və AST fermentlərinin səviyyəsində də azalma müşahidə olunub.

Toxuma analizləri göstərib ki, kinoa qaraciyər hüceyrələrində yağ damcılarının toplanmasının qarşısını alır. Tədqiqatçıların fikrincə, bu təsir yağın əmələ gəlməsi və saxlanılmasında iştirak edən PPARγ–PLIN2 siqnal yolunun fəaliyyətinin zəifləməsi ilə əlaqədardır. Bundan əlavə, heyvanlarda yağ turşularının sintezinə cavabdeh olan genlərin aktivliyi də azalıb.

Müəlliflər hesab edirlər ki, kinoa qaraciyərin piyli xəstəliyinin qarşısının alınması və onun nəzarətdə saxlanılması üçün perspektivli funksional qida məhsulu kimi qiymətləndirilə bilər.

Almaz Həsənli