Britaniyada dərmanların sınaqdan keçirilməsi üçün insanın mini-orqanları yetişdiriləcək
Dərman preparatlarının sınaqdan keçirilməsinin təkmilləşdirilməsi və dərmanların hazırlanması prosesində istifadə olunan heyvanların sayının azaldılması məqsədilə britaniyalı alimlər Milli Səhiyyə Xidmətinin (NHS) xəstələrindən götürülmüş hüceyrələrdən insanın miniatür orqanlarını və digər toxumaları yetişdirəcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Alimlər toxuma nümunələrindən istifadə edərək xəstəliklərin müxtəlif pasiyentlərdə necə inkişaf etdiyini araşdıracaqlar. Bu, konkret xəstəliyin və ya patologiyanın xüsusiyyətlərindən asılı olaraq hansı müalicə üsullarının müxtəlif insanlar üçün daha uyğun olduğunu müəyyən etməyə kömək edəcək.
Nəşrin qeyd etdiyi kimi, bu addım insan xəstəliklərinin öyrənilməsində heyvanlardan ənənəvi model kimi istifadə edilməsindən, tədqiqatçıların fikrincə, daha dəqiq və etibarlı olan birbaşa insan toxumalarına əsaslanan testlərə keçidi göstərir.
Kembric Universitetinin Kök Hüceyrələri İnstitutunun klinik uşaq qastroenterologiyası professoru Mattias Zilbauer bildirib: “Bu, istifadə olunan heyvanların sayına və gələcəkdə yeni dərmanların hazırlanma üsuluna əhəmiyyətli təsir göstərəcək.”
Bununla belə, Zilbauer qeyd edib ki, yaxın gələcəkdə heyvanlardan istifadənin tamamilə dayandırılması mümkün olmayacaq. Çünki bəzi testləri yeni modellər üzərində aparmaq mümkün deyil. Buna baxmayaraq, onun fikrincə, heyvanlardan istifadənin əhəmiyyətli dərəcədə azaldılması realdır.
Almaz Həsənli






































.jpg)























































