Alimlər timsahların beyninə nəzər saldılar və təəccüblü bir kəşf etdilər

Alimlər timsahların beyninə nəzər saldılar və təəccüblü bir kəşf etdilər

16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Son 100 milyon il ərzində timsahlar və onların yaxın qohumları – xüsusilə alliqatorlar, kaymanlar və qaviallar – iqlimin və yaşayış mühitinin köklü dəyişikliklərindən sağ çıxıblar. Oxuməni.az xəbər verir ki, "Journal of Anatomy" jurnalında dərc olunan araşdırmaya görə, onların beyni bu müddət ərzində demək olar ki, dəyişməyib.

Alimlərin fikrincə, timsahkimilərin praktiki olaraq dəyişməz qalan beyni onu göstərir ki, bu yırtıcı sürünənlər təkamülün erkən mərhələlərində, on milyonlarla il əvvəl son dərəcə effektiv bir beyin quruluşu formalaşdırıblar. Bu quruluş o qədər uğurlu olub ki, sonradan onu dəyişməyə xüsusi bir ehtiyac qalmayıb.

İsveç Təbiət Tarixi Muzeyinin tədqiqatçıları müasir kompüter tomoqrafiyası texnologiyasından istifadə edərək müasir timsahkimilərin və onların nəsli kəsilmiş qohumlarının kəllə sümüklərinin daxilini araşdıra biliblər.

Onlar 43 növü, o cümlədən Amerika alliqatoru (Alligator mississippiensis), Paraqvay kaymanı (Caiman yacare) və Nil timsahı (Crocodylus niloticus), eləcə də nəsli kəsilmiş növləri tədqiq ediblər.

Tədqiqatçılar nəsli kəsilmiş növlərin qohumluq əlaqələri ilə bağlı maraqlı bir kəşf ediblər. Əvvəllər alimlər üçün bu heyvanların bir-birinə nə dərəcədə yaxın olduğunu müəyyən etmək çətin idi, çünki çoxdan yox olmuş bu sürünənlərin qalıq kəllələri bir-birinə çox bənzəyir. Lakin kompüter tomoqrafiyası kəllə daxilindəki gizli strukturları araşdırmağa imkan verib.

Alimlər beyin qutusu və hiss orqanlarında elə əsas fərqlər aşkar ediblər ki, bunun sayəsində xarici görünüşcə demək olar ki, eyni görünən növləri bir-birindən ayıra biliblər.

Nəsli kəsilmiş sürünənlərin kəllə sümüklərinin daxili quruluşunun öyrənilməsi alimlərə həm də onların beyninin və daxili qulağının əsas formasının zaman keçdikcə nə dərəcədə dəyişdiyini müəyyən etməyə və onları müasir növlərlə müqayisə etməyə kömək edib. Məlum olub ki, timsahların və onların yaxın qohumlarının beyni əsasən dəyişməz qalıb.

Tədqiqatın həmmüəllifi Pol Berk qeyd edir ki, bu kəşf həmin sürünənlərin 100 milyondan çox il ərzində necə sağ qaldıqlarını izah etməyə kömək edir; halbuki bir vaxtlar onlarla yanaşı yaşamış digər onurğalı heyvanlar kütləvi məhv olma və digər əhəmiyyətli ekoloji dəyişikliklər nəticəsində yox olublar.

Almaz Həsənli