Bir fermentin bloklanması ağciyər xərçənginin inkişafını dayandıra bilər

Bir fermentin bloklanması ağciyər xərçənginin inkişafını dayandıra bilər

14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ağciyərlərdə iltihab proseslərində iştirak edən kaspaza-1 fermentinin bloklanması şişlərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları belə bir qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki,tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələrdə alimlər aşkar ediblər ki, kaspaza-1 şişlərin yaranmasının ilkin mərhələlərində aktivləşir. Heyvanlara bu fermentin inhibitoru (bloklayıcısı) olan preparat yeridildikdə, yaranan şişlərin sayı kəskin şəkildə azalıb.

Tədqiqatçılar həmçinin iki preparatın kombinasiyasını da yoxlayıblar: kaspaza-1 inhibitoru və iltihab zülalı olan IL-1β-nı bloklayan vasitə. Bu yanaşma daha effektiv olub: heyvanların təxminən 20%-də şişlər ümumiyyətlə formalaşmayıb.

Müəlliflərin fikrincə, bu prosesdə əsas rolu xroniki iltihab oynayır. O, təkcə siqaret çəkənlərdə deyil, həm də heç vaxt siqaret çəkməyən insanlarda ağciyər xərçənginin inkişafına səbəb ola bilər. Buna görə də, müəyyən iltihab proseslərinin qarşısının alınması potensial olaraq xəstəliyin profilaktikası üçün yeni bir üsul ola bilər.

Xüsusi maraq kəsb edən məqam kaspaza-1 inhibitorunun özüdür. Bu fermentə təsir edən preparatlar artıq revmatoid artrit və digər iltihab xəstəliklərinin müalicəsi üçün klinik sınaqlarda öyrənilib. Əgər bu yanaşmanın effektivliyi insanlar üzərində aparılacaq tədqiqatlarda təsdiqini taparsa, mövcud preparatları ağciyər xərçənginin profilaktikası üçün yenidən təyinatla istifadə etmək mümkün ola bilər.

Bununla belə, alimlər hələlik xərçəngin qarşısını almaq üçün bir yol tapdıqlarını iddia etmirlər: nəticələr yalnız siçanlar üzərində aparılan təcrübələrdə əldə edilib. Belə bir strategiyanın tətbiqindən əvvəl onun effektivliyini və təhlükəsizliyini klinik sınaqlarda təsdiqləmək lazımdır.

Almaz Həsənli