Şuşanın Sarıbaba kəndində son vəziyyət...-Haylar nə edəcəyini bilmir...-VİDEO

Şuşanın Sarıbaba kəndində son vəziyyət...-Haylar nə edəcəyini bilmir...-VİDEO

5 Avqust 2022 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Kəndin qanunsuz “başçısı” təxminən 1 km məsafədə yerləşən yüksəkliyin Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldüyünü etiraf edib...

Azərbaycan Respublikası Şuşa rayonunun artıq 1 il 9 aya yaxındır ki, Rusiyanın rəsmən “sülhməramlı” sayılan hərbi kontingentinin himayəsindəki separatçı rejimin idarəçiliyi altında qalmış Sarıbaba(yaxud Salatınkənd) kəndində məskunlaşmış ermənilər təşviş içindədir.

Oxuməni.az xəbər verir ki, bu, Ermənistanın News.am nəşrinin hazırladığı video-reportajdan bəlli olur.

Birinci Qarabağ müharibəsi zamanı Bakıdan Ermənistana, oradan da bu kəndə köçdüyünü deyən hay qadınlardan biri bundan sonra nə edəcəklərini, hara gedəcəklərini, harada sığınacaq tapacaqlarını bilmədiklərini söyləyir...

Ermənilərin sovet dövründən bəri “Yexsaox” adlandırdıqları Sarıbaba kəndinin qanunsuz “başçısı” Artak Akopyan avqustun 1-dən sonra kənddən təxminən 1 km məsafədə yerləşən yüksəkliyin Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldüyünü etiraf edib. Guya Rusiya hərbçiləri danışıqlar vasitəsilə Azərbaycan hərbçilərinin həmin yüksəklikdən geri çəkilməsinə çalışır. Eyni zamanda Akopyanın sözlərinə görə, kənd yaxınlığındakı bəzi digər yüksəkliklər qeyri-qanuni silahlı erməni birləşmələrinin əlində qalmaqdadır...

Qeyd edək ki, Moderator.az 10 noyabr 2020-ci il razılaşmasından bəri dəfələrlə Sarıbaba yüksəkliyinin hərbi strateji əhəmiyyəti və onun Rusiya hərbçiləri və erməni birləşmələri tərəfindən tam ələ keçirilməsi cəhdləri haqda yazıb(bax: //www.moderator.az/news/356269.html//moderator.az/qarabagh/390507/ermeniler-azerbaycan-ordusunun-lacinin-saribaba-daindan-cixmasi-haqda-sayie-yaydi/)

Zəruri arayış və xatırlatama:

Salatınkənd, yaxud Sarıbaba kəndi Şuşa-Laçın yolu üzərində, Laçından təxminən 10 km məsafədə, dağətəyi ərazidədir. Yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (erm. “kilsə yeri”) adlandırılmışdı.

Hazırda son məlumatlara görə, Azərbaycan rəsmən Respublikasının Şuşa rayonunun ərazisi sayılan Salatınkənd(Sarıbaba) kəndində 145 nəfər erməni yaşayır. 44 günlük savaşdan sonra kəndə qanunsuz olaraq Laçın rayonunun Köhnəkənd kəndində məskunlaşmış 1, Qubadlıdan 1 və Xocavənd rayonunun "Arşat" adlandırılan kəndindən 2 erməni ailəsi köçürülüb.

1991-ci il yanvarın 9-da Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisi Qaladərəsi və Kirov kəndlərində toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində məhz qonşu Sarıbaba(Salatınkənd) kəndinin ərazisində qətlə yetirilib. Elə həmin il Azərbaycan parlamentinin qərarıyla bu kənd qəhrəman jurnalistimizin xatirəsinə Salatınkənd adlandırılıb. Lakin sonradan həmin qərar nədənsə öz rəsmi təsdiqini tapmayıb və kənd xəritə və sənədlərdə Sarıbaba adlandırılmaqda davam edib.... Milli Məclisin15 dekabr 2021-ci il tarixdə keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sözügedən kəndə Salatın Əsgərovanın adının verilməsi təklifi ilə çıxış edib(Bu sətirlərin müəllifi 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərib)...

P.S. Hayların revanşist və separatçı xislətli qisminə və onların Rusiya və ya Qərbdəki himayədarlarına bir daha xatırladırıq ki, Qarabağdakı, o cümlədən Şuşa və Laçının “dəhliz”ə yaxın ərazidə yerləşən məntəqələrindəki soydaşlarının, dindaşlarının başına gələnlərə görə bütün günah məhz xarici güclərin əlində alət olaraq 1980-ci illərin sonlarından bəri Azərbaycana qarşı münaqişənin, ardınca da işğalçı müharibənin başlanmasına rəvac verən Zori Balayan, Robert Köçəryan, Serjik Sərkisyan, Vitali Balasanyan və s. kimi hay “lider”lərinin özləridir...

Moderator.az