“Rusiyanın yeni “dəhliz”də də Laçın şəhərinə nəzarət etməsi gələcək üçün çox təhlükəlidir...”

“Rusiyanın yeni “dəhliz”də də Laçın şəhərinə nəzarət etməsi gələcək üçün çox təhlükəlidir...”

2 Sentyabr 2022 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

“Rəhmətlik Cövhər Dudayevin bir ibrətamiz sözü var: “Ruslarla bağlanmış sülh müqaviləsi suyun üzərinə çəkilmiş imza kimidir...”

Məlumdur ki, 10 noyabr bəyanat-razılaşmasına əsasən Şuşa rayonunun Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqla, qalan bütün ərazisi Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Odur ki, ermənilər üçün yeni dəhliz də yalnız 1 dekabr 2020-ci il tarixdə Laçın-Şuşa yolu ətrafındakı 5 km-lik enində dəhliz istisna olmaqla ərazisi işğaldan azad olunmuş Laçın rayonu ərazisindən keçə, yəni artıq Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdikdən sonra eyni rayon daxilində köhnə dəhliz yeni yolla əvəzlənə bilər. Ona görə də alternativ yolun Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir…Və bu mənada Laçının həmin kəndlərlə qonşu olan Ağanus kəndi də yenidən dəhliz ərazisinə salına bilməz. Ağanus kəndinin “Turşsu” adlanan cənub hissəsi, Fətəlipəyə və Kəravuz kəndləri isə alternativ yoldan tamamilə uzaqda olduğundan yeni “dəhliz” olduğu halda belə, onlar dəhliz ərazisinə düşməməlidir...

Təəssüf ki, xəbər verdiyimiz kimi, Rusiya MN-in Azərbaycan ərazisindəki Rusiya hərbi kontingentinin dislokasiyasına aid dünən axşam – sentyabrın 1-də təqdim etdiyi xəritədən bəlli olur ki, “sülhməramlı”lar 10 noyabr bəyanatına və 5 km-lik “dəhliz” parametrlərinə də tamamilə zidd olaraq Laçın rayonunun ermənilər üçün yeni alternativ yoldan azı, 3-4 km məsafədə yerləşən Ağanus kəndinin Turşsu adlanan cənub hissəsi və Fətəlipəyə kəndləri ərazisi də daxil olmaqla Qayğı qəsəbəsi yaxınlığındakı “Şivid xarabalıqları” məntəqəsindən başlayaraq Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar. Bu isə o deməkdir ki, yeni yol ətrafında da nəinki 5 km-lik “dəhliz” yaradılıb və Laçın rayonunun Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri həmin “dəhliz”ə daxil ediib, üstəlik, heç bir əsas olmadan alternativ yoldan 2,5 km-dən çox məsafədə yerləşən Fətəlipəyə, Ağanus və Kəravuz kəndləri də, eyni zamanda Laçın şəhərindən çox yaxın məsafədəki yüksəkliklər, həmçinin "Şivid xarabalıqları" istiqamətindən Zabux kəndi də Rusiyanın və dolayısıyla separatçı hayk rejiminin nəzarətində qalıb... Və belə çıxır ki, “sülhməramlı”lar əvvəlki kimi Laçın şəhərinə, Qubadlı-Laçın və Laçın-Şuşa yollarının şəhərin girişinədək hissəsinə də nəzarət etməkdədirlər...

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa bunları söyləyib:

“Əvvəla, onu deyim ki, Şuşanın Kiçik və Böyük Qaladərəsi kəndləri ətrafındakı yüksəkliklər də həm Laçın şəhəri, həm də Şuşa-Laçın yolu üçün strateji əhəmiyyət kəsb edir... Bəli, dediyiniz kimi, əgər alternativ yol ətrafında da 5 km-lik yeni dəhliz yaradılırsa, belə çıxır ki, Laçın ətrafındakı bir sıra strateji yüksəkliklər Rusiyanın və dolayısıyla separatçı-terrorçu rejimin nəzarətində qalır. Üstəlik, artıq ruslar Qayğı qəsəbəsi yaxınlığından başlayaraq Fətəlipəyə və Turşsu ərazisi də daxil olmaqla Qubalı-Laçın avtomobil yolu boyu Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar... Bu da heç bir məntiqə sığmayan bir haldır. Və kim zəmanət verir ki, sabah Rusiya-Ermənistan birliyi bu vəziyyətdən yararlanıb Laçını yenidən işğal etməyəcək? Bunlar, xüsusən də yeni “dəhliz”də də Rusiyanın Laçın şəhərinə nəzarət etməsi gələcək üçün çox təhlükəli məsələlərdir..."

Polkovnik ermənilərin gediş-gəlişi üçün dəhlizin 5 km olmasını da məntiqsiz hesab edir.

“Digər tərəfdən, niyə dəhliz məhz 5 km enində olmalıdır. Atıcı silahların hər birinin normal atış məsafəsi var: 700-800 metr, 1000-1500 metr və s. Biz guya o yolu hansı silahla vuracağıq? Hansı hərbi məntiqə əsaslanaraq bu parametri müəyyən ediblər? Bir sual da odur ki, Azərbaycana da Naxçıvana rahat, təhlükəsiz gedib-gəlmək üçün Ermənistan, yəni qədim Zəngəzur torpağımızdan eyni cür 5 km-lik dəhliz verilirmi? Axı Naxçıvana gedib-gəlmək üçün ruslar və ermənilər bizə heç bir cığır da verməyiblər...

Rəhmətlik Cövhər Dudayevin bir ibrətamiz sözü var: “Ruslarla bağlanmış sülh müqaviləsi suyun üzərinə çəkilmiş imza kimidir...” Əgər Rusiya və Ermənistan öz imzalarına hörmət qoyub Zəngəzur dəhlizinin açılması, eləcə də erməni silahlılarının, terrorçuların Qarabağdan çıxarılması və s. barədə öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan niyə birtərəfli qaydada üzərinə düşəni etməli və yenidən 5 km dəhliz verməlidir ermənilərə? Odur ki, ötn söhbətimiz də dediyim kimi, biz işimizi konkret olaraq Qarabağdakı ermənilərlə görməliyik. Onların Azərbaycan vətəndaşlığını qəbul etməyəcəyi halda ölkə ərazisini birmənalı olaraq tərk etməlidirlər. Bu halda vasitəçiyə, Rusiya “sülhməramlı”sına-filana ehtiyac qalmır. Ermənilərin vətəndaşlığımızı, ərazi bütövlüyümüzü qəbul edəcəyi halda da yenə hansısa “sülhməramlı”ya gərək yoxdur. Çünki Azərbaycan dövləti və ordusu digər millətdən olan vətəndaşları kimi, erməni vətəndaşlarının da təhlükəsiz yaşamını, ölkədaxili sərbəst hərəkətini özü təmin edəcək”- deyə keçmiş alay komandiri vurğulayıb.