Tarixə yazılan qardaşlıq salnaməsi – Bakının işğaldan azad edilməsindən 108 il ötür

Tarixə yazılan qardaşlıq salnaməsi – Bakının işğaldan azad edilməsindən 108 il ötür

08:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 15-i Azərbaycan xalqı üçün mühüm tarixi hadisədir. 108 il əvvəl sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad edib və bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinə dövlət quruculuğu prosesinə başlamaq imkanı yaradıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular.

Oxuməni.az AZƏRTAC-a istinadən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 108-ci ildönümündə həmin hadisələrə və bu zəfərin fonunda çağdaş dövrün mənzərəsinə nəzər salır.

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törədən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə divan tuturdu. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımının qarşısını nə Trans-Qafqaz Komissarlığı, nə də Trans-Qafqaz Seymi ala bilmədi.

Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərk-silah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi.

Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakının azad edilməsi uğrunda Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini möhkəmləndirmək imkanı qazandı.

Türkün zəfər salnaməsi

Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş vermiş və qələbə ilə nəticələnmiş hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda, ədalətin, sülhü bərqərar etməyin, dinc yanaşı yaşamağın təntənəsidir. 1071-ci ilin avqust ayında Malazgird döyüşündə səlcuqlu igidlər dünyaya meydan oxuyan Bizans ordusunu məğlub etdilər və Anadolunun qapıları türklərin üzünə açıldı. Bu qələbə bir millətin birliyinin və gücünün nəyə qadir olduğunu göstərdi. 1453-cü il mayın 29-da İstanbulu fəth etmiş Sultan II Mehmet bölgəyə əmin-amanlıq gətirdi.

Türkün tarixinin şərəf zirvəsi olan Çanaqqala döyüşü isə Birinci Dünya müharibəsinin gedişini dəyişdi. Antanta ittifaqı Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirərək boğazları idarə etmək istəsə də, niyyəti baş tutmadı. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüş tarixə Çanaqqala zəfəri kimi həkk olundu.

XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu.

2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi.

Bir millət, iki dövlət

Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) iki ölkənin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə keçirilən Zəfər paradında iştirakı Türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirib.

Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan olub. Bu barədə qardaş ölkənin lideri deyib: “Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışında iki ölkənin liderləri iştirak ediblər.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirməklə respublikanın bütün ərazisində dövlət suverenliyini tam bərpa edib. Həmin əməliyyatların keçirildiyi günlərdə Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Qarabağın Azərbaycan torpağı olduğunu, Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları Türkiyənin dəstəklədiyini bir daha bəyan edib.

Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir.

Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə - Türk Şəhidliyi abidəsi

Azərbaycan paytaxtının ən hündür yerlərindən birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə bir dastan yazaraq, Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrildilər.

1918-ci ildə işğaldan azad edilmiş Bakı müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

Bakı zəfərindən Türk dünyasına

Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) inkişafına böyük töhfə verir. Bu, dövlətimizin xarici siyasətinin prioritet məsələlərindən biridir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur.

Qarabağın bərpasına qardaş ölkələr də dəstək göstərirlər. Füzulidə Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Qırğızıstanın hədiyyəsi olan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi fəaliyyət göstərir. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində iştirak edirlər. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlayıb.

Eyni zamanda, Azərbaycan TDT-yə üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Azərbaycanın Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılıb.

Beləliklə, 108 il əvvəl Bakının azadlığı ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığı bu gün bütün Türk dünyasını əhatə edən həmrəylik müstəvisində yeni məzmun qazanıb. Tarixin sınaqlarından keçmiş bu birlik Türk dünyasının gücünün mühüm dayaqlarından biridir.

Oxuməni.az