İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub

İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub

12 Dekabr 2019 13:06
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliyanın “European Affairs” onlayn qəzetində jurnalist Domeniko Letizianın ulu öndər Heydər Əliyev haqqında “Heydər Əliyev vəfatının 16-cı ildönümündə Azərbaycan xalqının xatirəsində” sərlövhəli məqaləsi dərc olunub.

Oxumeni.az xəbər verir ki, italiyalı jurnalist Azərbaycanın müasir tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün Azərbaycanın çiçəklənməsi, tammiqyaslı və dinamik inkişaf yaşamasının onun məqsədyönlü strategiyasından irəli gəldiyini bildirir.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra böyük çətinliklərlə üzləşdiyini yazan müəllif ölkənin müstəqilliyinin qorunması, beynəlxalq səviyyədə ilk təmaslarının qurulması, azad bazar iqtisadiyyatı prinsiplərinə qoşulması, sülh və demokratiya yoluna qədəm qoymasının Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğunu qeyd edir.

Jurnalist məqaləsində bildirir ki, müstəqilliyin ilk çətin illərində Heydər Əliyev Azərbaycanda modern dövlətçiliyin, güclü dövlət institutlarının qurulmasını, vətəndaş cəmiyyəti və iqtisadiyyatın inkişafını təmin edib.

Jurnalist Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərinə diqqəti yönəldərək, bu xüsusda, onun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması, ordu quruculuğunun, Azərbaycanın müstəqil siyasətinin təmin olunması, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə transmilli şirkətlərin ölkənin neft və qaz sektoruna cəlb edilməsi, ölkədə sosial-iqtisadi inkişafın əsaslarının qoyulması, müxtəlif din və mədəniyyətlərin sülh içində birgə yaşamasına söykənən multikulturalizm ənənələrinin qorunub saxlanılması və milli maraqların müdafiəsi məqsədilə həyata keçirdiyi siyasi xətt barədə məlumat verir və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirir.

Heydər Əliyevin Azərbaycan-İtaliya münasibətlərinə də böyük töhfə verdiyini qeyd edən jurnalist Ulu Öndərin 1997-ci ildə İtaliyaya rəsmi səfərinin bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığa aparan yolun əsasını qoyduğunu qeyd edir. Hazırda Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, mədəni və akademik sahələrdə yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu və ötən ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin də bunu təsdiq etdiyini vurğulayır.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://www.europeanaffairs.it/blog/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az