Böyük Britaniyada növbədənkənar parlament seçkilərinə start verilib

Böyük Britaniyada növbədənkənar parlament seçkilərinə start verilib

12 Dekabr 2019 15:17
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Krallıqda Britaniya parlamentinin İcmalar Palatasına növbədənkənar seçkilər başlayıb.

Oxumeni.az Britaniya mətbuatına istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 22:00-a qədər açıq olacaq. Məntəqələr bağlanan kimi səsvermənin nəticələri barədə ilkin təsəvvürü formalaşdıracaq BBC exit-pollarının məlumatları dərc edilməlidir.

Parlamentin aşağı palatasına İngiltərənin 553, Şotlandiyanın 59, Uelsin 40, Şimali İrlandiyanın isə 18 seçki dairəsindən 650 deputat seçiləcək. Seçkinin nəticələrinə əsasən İcmalar Palatasında sadə çoxluğu əldə edəcək partiya hökuməti formalaşdırmaq hüququ qazanacaq.

YouGov sosiologiya kompaniyası tərəfindən hazırlanan və dekabrın 11-nə keçən gecə dərc olunan ictimai rəy sorğusunun nəticələrinə əsasən, hakim Mühafizəkarlar Partiyasının hakimiyyətdə qalma şansları yüksək qiymətləndirilir. Baş Nazir Boris Consonun rəhbərlik etdiyi tori respondentlərin 42,6 faizinin dəstəyini qazanıb. Beləliklə, Böyük Britaniyada majoritar seçki sisteminin özəlliyi nəzərə alınarsa, mühafizəkarların İcmalar Palatasında əldə edəcəyi 339 mandat onların parlament çoxluğunu təmin edəcək.

105,6 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, Britaniyada əsas müxalif güc sayılan və britaniyalıların 33,8 faizinin etimadını qazanan Leyboristlər Partiyası yalnız 231 mandata ümid edə bilər.

Buna baxmayaraq, YouGov xətaları nəzərə alaraq mühafizəkarların deputat kürsülərinin yarıdan azını əldə edəcəyini və partiyaların heç birinin üstünlük qazana bilməyəcəyini də istisna etmir. Böyük Britaniyada “asılı parlament” adlanana belə vəziyyət Brexit məsələsi üzrə qeyri-müəyyənliyi artıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az