BMU tədris ilinə bir sıra yeniliklərlə qədəm qoyur

BMU tədris ilinə bir sıra yeniliklərlə qədəm qoyur

4 Sentyabr 2020 15:34
Bəyəndim (2) Bəyənmədim (0)

Bakı Mühəndislik Universiteti (BMU) 2020/2021-ci tədris ilinə bir sıra yeniliklərlə qədəm qoyur.
Oxuməni.az-a BMU-dan verilən xəbərə görə, yeni tədris ilindən BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ilk dəfə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılır. Bununla yanaşı, BMU-nun nəzdində fəaliyyət göstərən Xırdalan Seconq İnstitutunda ödənişsiz Koreya dili kursları təşkil olunacaq.
Digər bir yenilik ondan ibarətdir ki, cari tədris ilində universitetdə İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) kimi yeni ixtisaslar yaradılıb. Ümumilikdə son dövrlər BMU-da hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni ixtisas yaradılıb və bu ixtisasların tədrisi üçün universitetdə geniş perspektivlər, imkanlar, elmi-pedaqoji kadrlar vardır.
Universitet mövcud pandemiya şəraitində tələbələrin tədrisə marağının azalmaması məqsədilə bir sıra yeni layihələrin həyata keçirilməsini də nəzərdə tutur.
Qeyd olunanlarla yanaşı, universitetin maddi-texniki bazasının gücləndirilməsi işləri də davam etdirilir. BMU-nun ən müasir tələblərə cavab verən laboratoriyaları və ayrı-ayrı auditoriyaları yeni avadanlıqlarla təchiz edilib, yeni ağıllı lövhələr, monobloklar, kompüterlər, noutbuklar, proyektorlar, çox funksiyalı çap maşınları və s. avadanlıqlar alınıb.
Bundan əlavə universitetin yeni tədris korpusunun tikintisi başa çatmaq üzrədir.

Rüfət

Oxuməni.az