Tahir Budaqov kollektivə təqdim olunub
Avqustun 14-də Dövlət Statistika Komitəsinin yeni sədri Tahir Budaqov kollektivə təqdim olunub. Komitədən verilən məlumata görə, təqdimatı Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri postuna avqustun 13-də təyin olunub. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində doğulub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.
1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 3-cü dərəcə dövlət müşaviridir.
Dövlət Statistika Komitəsi statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.
Mediainfo.az





















.jpg)








































































