Qədim Naxçıvan jurnalistlərin gözü ilə
Rəsmi xronika
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev, muxtar respublikadakı dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, yerli televiziya, radio və nəşrlərin, habelə Bakıda fəaliyyət göstərən 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi öndərin adını daşıyan Muzeylə tanış olublar.
Rəsmi tədbirdən sonra Naxçıvanda səfərdə olan qonaqlara oktyabrın 14 və 15-də Muxtar respublikanın tarixi-mədəni, dini abidələri, aparıcı ali təhsil müəssisələri və KİV-ləri ilə yaxından tanışlıq imkanı yaradılıb. "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi və Əlincəqala tarixi abidəsi və muzeyi, "Xan sarayı", Mömünə Xatın türbəsi və Açıq Səma altında Muzey Kompleksi, Bal festivalı, xalq şairi M.Arazın Ev Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Naxçıvan MR Televiziya və Radio Şirkətləri Komitəsi, "Şərq qapısı" qəzeti ilə tanışlıq media nümayəndələrində xoş təəssüratlar yaradıb.
İlk təəssürat
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən cəmi 50 kilometr uzunluğunda Ermənistan torpağı ilə ayrılır. Azərbaycan və Ermənistan 25 ildən artıqdır ki, müharibə vəziyyətindədir. Biz buraya Bakıdan təyyarə ilə dost İran səmasından keçərək gəldik. Təyyarədən düşəndən sonra ətrafa nəzər salıb gördük ki, o tayda qalan dağlara, necə deyərlər, əl uzatsan çatar. Naxçıvan dağları ilə Cənubi Azərbaycan dağlarını ensiz Araz çayı ayırır.
Qaranlıq keçmişdən işıqlı gələcəyə doğru
Son 25 ildə Naxçıvanda inanılmaz dəyişikliklər baş vermişdir. 1990-cı ilin əvvəlində Naxçıvan Muxtar Respublikası öz müstəqilliyini elan etmiş ilk SSRİ ərazisi olmuşdur. Bu hadisə həmin ilin yanvar ayında Bakıya sovet qoşunları yeridiləndən sonra baş vermişdi. Lakin kommunist rejimini xilas etmək üçün göstərilən bu cəhd həmin rejimin həm Azərbaycanda, həm də bütün ittifaqda məhvini yalnız sürətləndirmiş oldu. Naxçıvan isə bundan sonra blokada illərini yaşamalı oldu. Bakıda hakimiyyət uğrunda iyrənc mübarizə gedir, oradakı mərkəzi rəhbərlik ilə mürəkkəb münasibətlər və erməni silahlı qüvvələrinin fasiləsiz hücumları nəticəsində dəmir yolları bağlanmış, muxtar respublikanın qaz və elektrik təchizatı kəsilmişdi. Sənaye müəssisələri işi dayandırmışdı. Qış vaxtı istilik verilməməsi səbəbindən insanlar soyuqdan donurdular. Sakinlərin çoxu baş alıb qaçırdı. Qalanlar stabilləşmə dövrünü gözləyirdi. Bu dövr 1995-ci ildən sonra başlandı.
İnkişafın təkanverici qüvvəsi – Ulu öndər
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan, Bakıdakı bütün əleyhdarlarını neytrallaşdırmağa və Ermənistanla atəşkəs haqqında razılığa nail olan Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildə ölkənin neft yataqlarının işlənilməsi haqqında Qərb şirkətləri ilə razılığa gəldi. Neftdən əldə olunan pullardan Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana da pay düşürdü. Həmin pullar hesabına bərbad vəziyyətdə olan yolları qaydaya salmağa, birtipli "qutulardan" fərqli olaraq təzə evlər - gözəl, rahat binalar tikməyə başladılar. Kənd təsərrüfatına (indi bu sahə tamamilə mexanikləşdirilmişdir) və çoxişlənən mallar istehsalına xeyli vəsait qoyulmuşdur. Muxtar respublika blokadada olduğu dövrdə sakinlər evləri qızdırmaq üçün buradakı ağacların çoxunu kəsmək məcburiyyətində qalmışdı. İndi isə vətəndaşlar şənbə günü iməciliklər keçirir, təzə ağaclar əkirlər. Meydanlardakı, bağlardakı və parklardakı gözəl güllərin sayı-hesabı yoxdur.
Ümumiyyətlə, Naxçıvan ən böyük ehtirama layiqdir. 1995-2012-ci illərdə muxtar respublikada ÜDM-in həcmi 48 dəfə artmışdır. 2015-ci ilə qədər muxtar respublikanın bütün dəmir yolları və avtomobil trasları bərpa edilmişdir. Burada tikinti işləri fasiləsiz davam edir. Yaxın vaxtlarda çox qısa müddətdə ən müasir doğum mərkəzi, olimpiya kompleksi və şahmat məktəbi, "Badamlı" mineral suyu istehsal edən zavod açılmış, Heydər Əliyev adına monumental saray bərpa edilmişdir. Naxçıvan Universiteti çox gözəldir, burada 5000 tələbə, o cümlədən 12 xarici ölkədən gəlmiş gənclər təhsil alır.
Sağlamlıq paytaxtı
Mübaliğəsiz demək olar ki, sağlam olmaq üçün Naxçıvana getmək lazımdır. Əvvəla ona görə ki, ta qədimdən burada 300 növdən çox müalicəvi ot bitir. İkincisi, burada çoxlu nadir mineral su bulaqları vardır. Müalicəvi suyu şüşə qablara doldurub ixrac üçün göndərirlər. Üçüncüsü (bəlkə də birincisi), Naxçıvanda möcüzəli "Duzdağ" fizioterapevtik mərkəz fəaliyyət göstərir. Duz mədənində yerləşən bu mərkəz duz dağının uçması nəticəsində təsadüfən aşkar edilmişdir. Orada gil qablar və daş baltalar aşkar edilmişdir. Mütəxəssislərin fikrincə, hələ eramızdan əvvəl III-II əsrlərdə insanlar bu çəkiclərin köməyi ilə burada duz çıxarır və onu Böyük İpək Yolu vasitəsilə Şərqə və Qərbə daşıyıb aparırdılar. Hündürlüyü on metrdən çox olan tuneldə bir neçə sütunlu salon aşkar edilmişdir. Görünür, duz çıxaranlar həmin salonlarda yaşayırmış. Bu qədim yeraltı möcüzə insanların sağlamlığına xidmət etməyə başlamışdır. Hazırda uzunluğu 300 metr olan bu mağarada havanın spesifik qoxusu bronxial astma xəstəliyini müalicə edir.
Mənəvi sağlamlıq
Mənəvi sağlamlıq üçün paytaxtdan 12 kilometr məsafədə yerləşən, daim küləklər əsən qayalıqlar boyunca müsəlmanların qədim ziyarətgahı Əshabi-Kəhfə getmək məsləhətdir. Əshabi-Kəhfin adı Quranın 18-ci surəsində də çəkilir. Bu adın tərcüməsi "Mağara adamları" deməkdir. Rəvayətə görə, bütpərəst padşahın vəziri Teymurxan başda olmaqla bir neçə dindar həmin padşahın və zülmkar Dağ Yunisin əlindən qaçaraq dağdakı bu mağaraya pənah gətirmiş, orada yatıb yuxulamış və 300 ildən sonra yuxudan ayılmışlar. Qaçqınların bələdçisi çörək gətirmək üçün şəhərə getmiş, orada tacirə çoxdan istifadədən çıxmış pul vermək istəyərkən tutulub saxlanmış və bundan sonra dağdakı insanların taleyi məlum olmuşdur. Bələdçi əvvəlcə heç nə anlamayıb adamları öz evinə aparmış, orada ahıl bir kişi görmüşdür. Həmin kişi söyləyir ki, vaxtilə bu evdə onun ulu babası vəzir Teymurxan yaşamışdır. Öz kötükcəsini görəndə heyrətlənmiş Teymurxan mağaraya qayıdır və yoldaşlarına izah edir ki, onlar yeni dünyaya yad insanlardır. Bundan sonra "mağara adamları" Ulu Tanrıya dua edirlər ki, onları öz yanına aparsın. Həqiqətən bu adamlar yoxa çıxırlar...
İndi Əshabi-Kəhfə üz tutanlar ağacların və kolların budaqlarına parça qırıqları bağlayır, sonra bir qədər mağarada əyləşirlər. Onların üzərinə su damcıları düşür, balaca daşları böyük qara daşın yanına qoyurlar. Bütün bunlar zəvvarların arzularının çin olmasını təmin edir.
Bu müqəddəs ziyarətgah mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə bərpa edilmiş və abadlaşdırılmışdır. İndi hər il müxtəlif ölkələrdən minlərlə müsəlman zəvvar buraya gəlir.
Emin Axund
Mediainfo.az









































.jpg)
.jpg)
.jpg)
















































