Qız qaçırmaq: köhnəlmiş adət və ya müasir cinayət?
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qız qaçırmaqda ittiham olunan, Laçın rayonu Bozgüney kəndində anadan olmuş, 1974-cü il təvəllüdlü Hüseyn Cavadov və Laçın rayon Leninkənd kəndində anadan olmuş, 1984-cü il təvəllüdlü Vilayət Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən Laçın rayonunun Vağazin qış obasında məskunlaşmış Hüseyn Cavadov həmkəndlisi və qohumu, 1988-ci ildə anadan olmuş Ülviyyə Əmirova ilə evlənmək məqsədilə onu qaçırmaq qərarına gəlib. O, bu məqsədlə 31 avqust 2010-cu ildə məcburi köçkün olan tanışı Vilayət Bayramov ilə Ülviyyə Əmirovanı oğurlamaq barədə qabaqcadan əlbir olub. Onlar həmin gün saat 10:30 radələrində "VAZ-21061" avtomaşınla Ülviyyə Əmirovanın Vağazin qış obasında valideynləri ilə birlikdə yaşadığı evə gəliblər. Hüseyn Cavadov qızı aldadaraq Vilayət Bayramovun Vağazin kənd icra nümayəndəliyinin binasının yaxınlığında gözlədiyi yerə aparıb. Həmin yerdə aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Hüseyn Cavadov arxa oturacağa keçərək Ülviyyə Əmirovanın yanında oturub, Vilayət Bayramov isə sükan arxasına keçərək avtomaşını idarə edib. Onlar Zərdab rayonu istiqamətində hərəkət etməyə başlayıblar.
Qaçırıldığını başa düşən Ülviyyə Əmirova avtomaşından düşməyə cəhd etsə də, Hüseyn Cavadov ona qarşı zor tətbiq edib, maşından düşməsinə imkan verməyib. Onlar Ülviyyə Əmirovanı Zərdab rayonunun Sarıqaya kəndinə Elnur Babayevin yaşadığı evə aparıblar.
Həmin evdə qısa müddət qaldıqdan sonra Ülviyyə Əmirovanı Elnur Babayevin idarə etdiyi avtomaşınla sonuncunun Zərdab rayonunun Bıçaqçı kəndində yaşayan qohumları Səfər və Ramilə Salikovların yaşadığı evə aparıblar. Gecə həmin evdə qalan Ülviyyə Əmirova ev sahibinin, onun ailə üzvlərinin və Hüseyn Cavadovun yuxuya getmələrindən istifadə edərək, həmin kəndlə həmsərhəd olan Ağdaş rayonunun Xınaxlı kəndinə gedib. Ülviyyə Əmirova həmin kəndin sakini Salman Məmmədovun köməkliyi ilə atası ilə telefon əlaqəsi yaradıb. O, atasına Hüseyn Cavadov və Vilayət Bayramov tərəfindən oğurlanması barədə məlumat verib və bundan sonra valideynləri tərəfindən öz evlərinə qaytarılıb.
Ülviyyə Əmirova və ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunub. Şikayət əsasında Hüseyn Cavadov və Vilayət Bayramovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Hüseyn Cavadov bildirib ki, Vilayət Bayramovla Ağcabədi rayonunun ərazisində yerləşən Taxta körpü adlanan yerdə görüşüb: "Vilayətdən maşını ilə məni yatağa aparmasını xahiş etdim. İstər görüşən zaman, istərsə də yolboyu Vilayətə qız qaçırmaq barədə heç bir məlumat verməmişəm. Yatağa çatdıqda, Vilayətə Vağazin kənd icra nümayəndəliyinin qarşısında maşını saxlamağı tapşırdım. Ona bir nəfərlə görüşməyə getdiyimi dedim, maşında isə məni gözləməyi xahiş etdim. Bir qədər sonra Ülviyyə ilə geri qayıtdım və birlikdə "Yastı yol" adlanan istiqamətə getdik".
Digər təqsirləndirilən şəxs, Vilayət Bayramov ifadəsində qeyd edib ki, Hüseyn Cavadovun qız qaçırmaq istədiyini maşını idarə edəndən sonra bilib. Onun sözlərinə görə, yolda Hüseyn Cavadovun Ülviyyə adlı həmin qızı qaçırdığını bildikdən sonra avtomobili saxlayıb: "Avtomobili idarə etməkdən və onlarla birlikdə getməkdən imtina etdim. Belə olan halda Hüseyn Cavadov mobil telefonla zəng edərək tanışı Elnuru oraya çağırdı. Bir müddətdən sonra Elnur "VAZ 21099" markalı avtomaşınla gəldi. Hüseyn Cavadovla Ülviyyə Elnurun avtomaşınına mindilər. Bu zaman qıza qarşı heç bir təzyiq və zor tətbiq edilmədi. Qızın özünün könüllü olaraq Elnurun maşınına mindiyini gördüm".
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, avtomaşını xarab olduğundan Hüseyn Cavadovun təklifi ilə onlarla birlikdə Elnurun maşınına minib. Onun sözlərinə görə, Hüseyn Cavadov söz verib ki, Elnur onları Zərdab rayonunda düşürəndən sonra onu geri qaytaracaq. Vilayət Bayramov ifadəsində Elnurun avtomobili ilə yola çıxdığını və oradan da başqa maşınla geri qayıtdığını bildirib.
QEYD:
Məhkəmənin hökmü ilə Hüseyn Cavadov 8 il, Vilayət Bayramov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Son söz əvəzi:
Qız qaçırmağın milli adətimiz olduğunu düşünənlər kökündən yanılırlar. Əslində, milli adətimiz qoşulub qaçmaqdır. Əlbəttə ki, iki sevən gəncin saf məhəbbəti təhlükədə olarsa...
İnarə Rafiqqızı
O.M.














































.jpg)
.jpg)
.jpg)
























.jpg)




















