Azərbaycanda 07 martın kriminal xronikası

Azərbaycanda 07 martın kriminal xronikası

8 Mart 2013 15:52
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Lökbatan qəsəbəsində yaşayan Aleksandr Kuznetsovu bıçaqla qətlə yetirilmiş Andrey Bespalov tutulmuşdur

07.03.2013

Martın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Aleksandr Kuznetsovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Araşdırmalar zamanı hadisəni münaqişə zəminində A.Kuznetsovun evində qonaq olmuş tanışı şəhər sakini Andrey Bespalov tərəfindən törədilməsi müəyyən edilmişdir. A.Bespalov Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Samirə Məmmədovaya bıçaqla xəsarət yetirmiş Nizami rayonunda yaşayan Validə Abbasova tutulmuşdur

07.03.2013

Martın 7-də Bakının Nizami rayonunda yaşayan Validə Abbasova münaqişə zəminində onunla birgə yaşayan Samirə Məmmədovaya bıçaqla xəsarət yetirmişdir. V.Abbasova Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Balakən rayonunun Poşbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.03.2013

Martın 7-də saat 21.40 radələrində Balakən rayonunun Poşbinə kəndi ərazisində, Hikmət Atayevin idarə etdiyi "VAZ-2106" və Şaban Qardaşovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Hikmət Atayev hadisə yerində ölmüş, xəsarət almış digər sürücü və sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.03.2013

Martın 7-də saat 22.40 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla rayon sakini Yasin Rüstəmov vurulmuşdur. Nəticədə xəsarət almış piyada hadisə yerində ölmüşdür.

İşlədiyi kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün Salyan rayon sakini Ağaqulu Abbasov saxlanılmışdır

07.03.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonunun Noxudlu kəndindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün orada işləyən rayon sakini Ağaqulu Abbasov saxlanılmışdır.

Bakı şəhər sakini Nigar Əmirəlizadənin bank hesabından internet vasitəsi ilə oğurluq etmiş Nicat Hacıyev tutulmuşdur

07.03.2013

Cari ilin fevral ayının 8-dən mart ayının 6-dək olan müddət ərzində, Bakı şəhər sakini Nigar Əmirəlizadənin bank hesabından 7678 dollar pulu internet vasitəsi ilə oğurlanmışdır. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Nicat Hacıyev tutulmuşdur.

Ədalət Yusifzadəyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Rəşid Adıgözəlli tutulmuşdur

07.03.2013

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Ədalət Yusifzadəyə bıçaqla xəsarət yetirmiş şəhər sakini Rəşid Adıgözəlli tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin gün Elçin Muradova da bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir.

Sumqayıt şəhər sakinləri Ceyhun Yusifov və Anar Məmmədov tutulmuşlar

07.03.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Valentina Makarovaya qarşı zor tətbiq edərək, 5 manat pulunu və 1 ədəd mobil telefonunu ondan almış şəhər sakinləri Ceyhun Yusifov və Anar Məmmədov tutulmuşlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

07.03.2013

Martın 7-də Abşeron rayon sakini Yağmur Manafova, Gəncə şəhər sakinləri Zülfiyyə Əhmədova, Azadə Məmmədova və Sumqayıt şəhər sakini Xatirə Tağıyeva evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.